Alimlər: Qalaktikalar yaranmazdan əvvəl fırlanmağa başlayır

DÜNYA
19:40 / 06.08.2026
48

SyaMen Universitetinin astronomları müəyyən ediblər ki, qalaktikalar hələ formalaşmadan əvvəl fırlanma xüsusiyyəti qazanmağa başlayır. Məlum olub ki, gələcək qalaktikalar ilk ulduzlar yaranmazdan milyardlarla il əvvəl yaxınlıqdakı nəhəng qaranlıq maddə və qaz toplusunun cazibə qüvvəsinin təsiri ilə hərəkətə gəlib.

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub.

Alimlər qalaktikaların fırlanmasının erkən Kainat dövründə yarandığı ilə bağlı uzun müddətdir mövcud olan hipotezi yoxlamağa çalışıblar. Bunun üçün onlar “Sloan Digital Sky Survey” müşahidə layihəsinin məlumatlarından istifadə edib və 13,6 milyard ildən çox əvvəl mövcud olmuş nəhəng qaranlıq maddə və qaz buludlarının paylanmasını modelləşdiriblər.

Hesablamalar göstərib ki, Kainatın “körpəlik” dövründə qonşu maddə toplusu bir-birini fərqli güclə cəzb edib. Bunun nəticəsində gələcək qalaktikalar müəyyən fırlanma impulsu əldə edib.

Alimlər bu prosesi insanın bir çiynindən digərinə nisbətən daha güclü çəkildikdə fırlanmağa başlamasına bənzədiblər.

Daha sonra tədqiqatçılar öz proqnozlarını müasir dövrdə müşahidə olunan 1600-dən çox qalaktikanın məlumatları ilə müqayisə ediblər. Təhlil göstərib ki, qalaktikaların hazırkı fırlanma istiqaməti onların yaranmasından əvvəl formalaşmalı olan istiqamətlə böyük ölçüdə üst-üstə düşür.

Alimlərin qiymətləndirməsinə görə, indiki qalaktikaların fırlanmasının təxminən 13 faizi Kainatın ilk inkişaf mərhələlərindən qorunub saxlanılıb. Qalan hissə isə daha sonra toqquşmalar, birləşmələr və digər təkamül prosesləri nəticəsində yaranıb.

Tədqiqatçılar hesab edirlər ki, müasir qalaktikaların fırlanması ilə erkən Kainatdakı proseslər arasında aşkar edilən əlaqə kosmosun iri miqyaslı quruluşunun necə formalaşdığını daha yaxşı anlamağa, həmçinin qaranlıq maddənin və Kainatın digər fundamental komponentlərinin xüsusiyyətlərini dəqiqləşdirməyə kömək edəcək.

Samir
 

0