Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə keçirilən brifinqdə bildirib ki, avqustun 12-də baş verəcək Günəş tutulması Avropa İttifaqında günəş enerjisindən elektrik istehsalına ciddi təsir göstərəcək.
HİT.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Avqustun 12-də baş verəcək Günəş tutulması Aİ-də elektrik istehsalına ciddi təsir göstərəcək. Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsi (“ENTSO-E”) çərçivəsində bu hadisəyə hazırlıq üçün xüsusi işçi qrupu yaradılıb. Cümə günü mümkün ssenarilərin müzakirə ediləcəyi xüsusi iclas keçiriləcək”, deyə İtkonen bildirib.
Onun sözlərinə görə, söhbət yalnız Avropa İttifaqındakı iri günəş elektrik stansiyalarında deyil, həm də bütün enerji sistemi üzrə quraşdırılmış fərdi günəş panellərində elektrik istehsalının eyni vaxtda kəskin azalmasından gedir.
Bundan əvvəl Perm Politexnik Universitetinin astronomu Yevgeni Burmistrov bildirmişdi ki, hava açıq olacağı təqdirdə Rusiya sakinləri 2026-cı il avqustun 12-də tam Günəş tutulmasını müşahidə edə biləcəklər. Həmin gün Ay bir neçə saat ərzində Günəş diskinin qarşısını tamamilə kəsəcək.
Astronomun sözlərinə görə, bu tutulmanın əsas xüsusiyyəti onun axşam saatlarında, Günəş batmağa yaxın baş verməsidir. O, müşahidə üçün üfüqün qərb istiqamətində açıq ərazi seçməyi tövsiyə edib. Belə məkanlarda Günəş diski Ay tərəfindən örtülməyə və üfüqə yaxınlaşmağa başlayarkən səma hələ də kifayət qədər işıqlı olacaq.
Samir


