Qərbin Ukraynaya hərbi dəstəyinin zəifləməsi müharibənin gedişinə təsir göstərə və Rusiyaya əlavə üstünlüklər qazandıra bilər.
HİT.az xəbər verir ki, bu fikir "Bloomberg" nəşrinin köşə yazarı Mark Çempionun məqaləsində yer alıb.
Müəllif qeyd edir ki, 2026-cı ildə cəbhədə Ukrayna üçün müəyyən müsbət tendensiyalar müşahidə olunub. Rusiyanın hücum tempi zəifləyib, itkiləri artıb, Ukrayna isə uzaqmənzilli zərbə imkanlarını genişləndirib. Onun fikrincə, bu şərait atəşkəs və danışıqlar üçün müəyyən imkan yaratsa da, vəziyyət son həftələrdə dəyişib.
Çempion yazır ki, Ukraynada "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının azalması Rusiyanın ballistik raket zərbələrini intensivləşdirməsinə şərait yarada bilər. Müəllif hesab edir ki, bu, enerji infrastrukturu, limanlar və şəhərlər üçün əlavə risklər yaradır.
Məqalədə vurğulanır ki, Ukrayna öz raketdən müdafiə sistemlərini və ballistik raketlərini hazırlamaq üzərində işləyir. Lakin bu layihələrin həyata keçirilməsi uzun vaxt tələb etdiyindən yaxın perspektivdə mövcud vəziyyətə ciddi təsir göstərməsi çətin görünür.
Mark Çempion hadisələrin inkişafı ilə bağlı üç mümkün ssenari irəli sürür:
Qərb ölkələrinin Ukraynaya əlavə "Patriot" raketləri və uzaqmənzilli silahlar təqdim etməsi. Müəllif bunu ən arzuolunan, lakin az ehtimal olunan variant hesab edir.
Ukraynanın Rusiyanın irəli sürdüyü şərtləri qəbul etməsi. Onun fikrincə, bu ssenari də real görünmür.
Müharibənin daha sərt şərtlərlə ən azı 2027-ci ilə qədər uzanması. Məqalədə ən mümkün variant kimi məhz bu ssenari göstərilir.
Məqalədə həmçinin xatırladılır ki, Ukrayna Prezidenti Volodimir Zelenski avqustun əvvəlində ölkəyə "Patriot" sistemləri üçün raket tədarükünün azaldığını bildirib və tərəfdaşları bu sahədə siyasi qərarlar qəbul etməyə çağırıb.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli raketlərin verilməyəcəyini açıqlayaraq, həmin sursatların ABŞ-ın öz ehtiyacları üçün lazım olduğunu bildirib.
Samir

