Ukrayna ilə bağlı müzakirələr göstərir ki, Aİ yeni üzvləri qəbul etməyə hazır deyil - FT

DÜNYA
17:37 / 07.08.2026
44

Avropa İttifaqında (Aİ) genişlənmə prosesi ilə bağlı müzakirələr göstərir ki, birlik yeni üzvlərin qəbuluna tam hazır deyil. 

HİT.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

Məqalədə qeyd olunur ki, Aİ son 13 ildə yeni üzv qəbul etməsə də, geosiyasi vəziyyət və təhlükəsizlik çağırışları genişlənmə prosesini yenidən gündəmə gətirib. Bununla belə, Brüsseldə həm yeni üzvlərin qəbulu, həm də bunun Aİ-nin fəaliyyətinə təsiri ilə bağlı qeyri-müəyyənlik qalır.

Nəşrin məlumatına görə, Fransa və Almaniya namizəd ölkələrin Aİ-yə mərhələli inteqrasiyasını nəzərdə tutan yeni model təklif edib. Bu yanaşmaya əsasən, islahatlarda əldə olunan irəliləyişə uyğun olaraq ölkələr tədricən üzvlüyün üstünlüklərindən yararlana biləcək, tamhüquqlu üzvlük isə son mərhələdə mümkün olacaq.

"Financial Times" yazır ki, Ukrayna və Moldova artıq üzvlüklə bağlı danışıqlara başlayıb, Monteneqro isə danışıqlar prosesinin yarıdan çoxunu tamamlayıb. Son dövrdə namizəd ölkələrin danışıqlarında irəliləyiş sürətlənsə də, bəzi Aİ rəsmiləri genişlənmənin həm siyasi, həm də institusional baxımdan əlavə hazırlıq tələb etdiyini düşünür.

Məqalədə bildirilir ki, Ukraynanın Aİ-yə mümkün üzvlüyü ətrafında aparılan müzakirələr bu məsələdə ən mürəkkəb nümunələrdən biridir. Nəşrin istinad etdiyi Aİ rəsmilərinin fikrincə, Ukraynanın təhlükəsizlik baxımından ittifaq üçün strateji əhəmiyyəti böyükdür. Bununla yanaşı, korrupsiya, məhkəmə islahatları və digər fundamental sahələr üzrə görülməli işlər də qalmaqdadır.

Nəşr qeyd edir ki, Ukraynanın 2027-ci ilin əvvəlinədək Aİ-yə üzv olmaq istəyi Brüsseldə mövcud üzvlük mexanizmlərinin yenidən nəzərdən keçirilməsi barədə müzakirələri gücləndirib.

Məqaləyə görə, Avropa Komissiyası yaxın vaxtlarda genişlənmə prosesinin islahatı ilə bağlı öz təkliflərini təqdim etməyi planlaşdırır. Bu sənəddə həm Aİ-nin yeni üzvləri qəbul etməsinin institusional nəticələri qiymətləndiriləcək, həm də mərhələli inteqrasiya modeli ilə bağlı variantlar əks oluna bilər.

Samir

0