Bloomberg: Rusiya elitasında FTX-nin artan təsiri ilə bağlı narahatlıq güclənir

DÜNYA
13:50 / 07.08.2026
34

Rusiyada hakim elita arasında Federal Təhlükəsizlik Xidmətinin (FTX) səlahiyyətlərinin genişlənməsi və təsir imkanlarının artması ilə bağlı narahatlıqların gücləndiyi bildirilir. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nəşrin Kremlə yaxın anonim mənbələrə istinadən yazdığına görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə fonunda hakimiyyətini qorumaq üçün getdikcə daha çox FTX-yə arxalanır. Məqalədə qeyd olunur ki, bu tendensiya təhlükəsizlik qurumlarının ölkə daxilində təsirinin daha da artmasına səbəb olur.

"Bloomberg" yazır ki, "Telegram"ın həmtəsisçisi Pavel Durova qarşı terrorçuluq ittihamı irəli sürülməsi də FTX-nin sərtləşən fəaliyyətinin son nümunələrindən biri kimi qiymətləndirilir.

Məqalədə bildirilir ki, Kremlin bəzi dairələri Putinin əvvəllər təhlükəsizlik strukturları ilə iqtisadi blok arasında qoruduğu balansdan uzaqlaşaraq daha sərt xətti dəstəkləyən qüvvələrə üstünlük verdiyini düşünür.

Nəşrin həmsöhbətləri iddia edirlər ki, FTX-nin nüfuzu artdığı bir vaxtda Prezident Administrasiyasının daxili siyasət üzrə kuratoru Sergey Kiriyenkonun təsir imkanları zəifləyib. O, son dövrlər Ermənistan, Moldova və Macarıstanda Rusiyanın siyasi fəaliyyətindəki uğursuzluqlara görə tənqid olunur.

Moskvalı siyasi analitik Andrey Kolesnikovun sözlərinə görə, FTX faktiki olaraq ölkənin əsas idarəedici institutlarından birinə çevrilib və digər dövlət qurumları daha çox texniki icraçı rolunda çıxış edirlər.

Karnegi Rusiya-Avrasiya Mərkəzinin eksperti Tatyana Stanovaya isə bildirib ki, Rusiya elitasında müharibənin yaratdığı problemlərin öhdəsindən gəlmək qabiliyyəti ilə bağlı narahatlıq artır və Kremlin mövqeyində yumşalma əlamətləri görünmür.

Digər ekspert Ella Paneyaxın fikrincə isə repressiya mühiti təkcə elitalara deyil, orta təbəqəyə də təsir edir.

"Hamı qorxur, çünki növbəti hədəfin kim olacağını heç kim bilmir", deyə o bildirib.

Samir
 

0