Yaponiyanın regional maliyyə sistemi kredit kartları üzrə ödənişlərin emalı ilə məşğul olan "Zentoshin" şirkətinin iflasının nəticələri ilə üzləşib.
HİT.az xəbər verir ki, "Yomiuri Shimbun" qəzetinin yazdığına görə, ən azı 34 maliyyə qurumu ümumi məbləği 53,9 milyard yendən çox olan kredit ödənişlərinin geri qaytarılmaması və ya gecikdirilməsi riski ilə üz-üzədir.
Ödəniş sisteminin iflas proseduruna başlanmasından bir ay sonra nəşr kreditor olan 63 maliyyə təşkilatının, o cümlədən regional bankların, kredit ittifaqlarının və kredit kooperativlərinin mümkün itkiləri ilə bağlı qiymətləndirmələri təqdim edib. İyulun 13-nə olan məlumata görə, 21 maliyyə qurumunun ümumi itkiləri 46,5 milyard yen təşkil edib. Lakin avqustun 6-da daha 13 təşkilatın təxminən 7,4 milyard yen məbləğində vəsaiti geri ala bilməyəcəyi və ya gecikmiş şəkildə əldə edə biləcəyi məlum olub.
Belə ki, Tokiodakı "Dai-Ichi Kangyo" kredit ittifaqı verdiyi 2,9 milyard yendən təxminən 2,09 milyard yeni təminatla qorumağa nail olmayıb. "Asagin Nishi" (Okayama) kredit ittifaqı isə təxminən 1,39 milyard yen həcmində zərərlə üzləşə bilər. "Yomiuri" qeyd edir ki, 63 maliyyə təşkilatının təxminən yarısı hələ öz məlumatlarını açıqlamayıb, buna görə yekun itki məbləği daha yüksək ola bilər.
2006-cı ildə yaradılan "Zentoshin" kiçik bizneslərə dövriyyə vəsaitləri ilə bağlı dəstək göstərmək və satıcılara sürətli ödənişlərin həyata keçirilməsində vasitəçi olmaqla öz biznesini qurmuşdu. 2018-ci ilə qədər şirkətin müştərilərinin sayı 200 mindən çox ticarət nöqtəsinə çatmışdı. "Zentoshin"in iflasından ilk zərər görənlər arasında təxminən 20 min restoran sahibi olub. Onlar ümumilikdə təxminən 5,3 milyard yen məbləğində gəliri itiriblər.
Şirkət iyulun 6-da təxminən 115,2 milyard yen (711 milyon dollar) borcla iflas ərizəsi təqdim edib. Bu, ilin əvvəlindən Yaponiyada ən böyük defolt hesab olunur. İflas sistemli fırıldaqçılığın nəticəsi olub: operator təxminən 20 il ərzində hesabatları saxtalaşdıraraq, smart ödənişlər və QR-kodlarla rəqabətə tab gətirməyən biznes modelinin çökməsini gizlədib.
Şirkət rəhbərliyi hesablardakı balansları təxminən 17 milyard yen həcmində şişirdib, tərəfdaşlar qarşısında 21 milyard yendən çox borcu isə gizlədib.
Samir


