Saturnun ən böyük peyki olan Titan özünəməxsus fırlanma xüsusiyyəti ilə alimləri heyrətləndirməyə davam edir. Peyk həmişə Saturna eyni tərəfini göstərdiyi üçün planet onun səmasının yalnız bir tərəfində daim görünür, digər tərəfində isə ümumiyyətlə görünmür.
HİT.az xəbər verir ki, “Space Daily” nəşrinin yazdığına görə, tədqiqatçılar bunun Günəş sistemindəki bir çox peykin hərəkətini müəyyən edən proseslə bağlı olduğunu bildiriblər.
Titandan baxanda niyə “Saturn” həmişə eyni yerdə görünür?
Titan Saturn ətrafında tam dövrəni 15 gün 22 saata vurur. Maraqlıdır ki, o, öz oxu ətrafında da məhz eyni müddətdə fırlanır.
Bu sinxronluq səbəbindən peyk həmişə Saturna eyni üzü ilə çevrilib. Oxşar hadisə Ayda da müşahidə olunur – o da Yerə daim eyni tərəfini göstərir.
Buna görə də Titanın səthindəki müşahidəçi üçün səmanın görünüşü yerləşdiyi mövqedən asılıdır.
Saturna baxan yarımkürədə nəhəng halqalı planet demək olar ki, hərəkətsiz şəkildə üfüqdə görünəcək. O, Yerdə Günəş və ya Ay kimi doğub-batmayacaq, yalnız orbitin xüsusiyyətlərinə görə cüzi hərəkət edəcək.
Əks yarımkürədə isə Saturn ümumiyyətlə görünmür. Çünki o, daim üfüqdən aşağıda qalır və Titanın özü tərəfindən örtülür.
Alimlərin sözlərinə görə, bu effekt cazibə qüvvəsinin təsiri nəticəsində yaranır.
Nəhəng planet milyonlarla, hətta milyardlarla il ərzində peyki özünə çəkərək onun fırlanmasını tədricən ləngidir. Nəticədə peykin öz oxu ətrafında fırlanma sürəti planet ətrafındakı dövr etmə sürəti ilə eyniləşir və o, həmişə eyni tərəfini planetə göstərməyə başlayır. Bu vəziyyət gelgit kilidlənməsi adlanır.
Astronomlar qeyd edirlər ki, bu, nadir hadisə deyil. Günəş sistemindəki nəhəng planetlərin böyük peyklərinin əksəriyyəti məhz belə vəziyyətdədir.
Sinxron fırlanmaya baxmayaraq, Saturn Titanın səmasında tamamilə hərəkətsiz qalmır.
Bunun səbəbi peykin orbitinin tam dairəvi deyil, bir qədər uzunsov olmasıdır. Hərəkət zamanı Titan bəzən sürətlənir, bəzən isə yavaşıyır və nəticədə planetin görünən mövqeyi azacıq dəyişir.
Bu hadisə librasiya adlanır. Onun sayəsində Saturn səmada kiçik bir qövs üzrə hərəkət edirmiş kimi görünür.
İki yarımkürənin sərhədinə yaxın ərazilərdə isə daha maraqlı mənzərə yarana bilər: librasiya nəticəsində Saturn qısa müddətlik üfüqdən yuxarı qalxıb sonra yenidən görünməz ola bilər.
Planet üfüqün üstündə daimi görünsə belə, onu müşahidə etmək çətin olardı. Bunun səbəbi Titanın sıx atmosferidir.
Atmosfer əsasən azotdan ibarətdir və üzvi birləşmələrdən yaranan qalın narıncı dumanla örtülüb. Bu isə görünüş məsafəsini ciddi şəkildə məhdudlaşdırır.
Məhz bu atmosfer uzun müddət Titanın səthini teleskoplardan gizlədib. Yalnız “Cassini” kosmik aparatı peyki ətraflı şəkildə tədqiq edə bilib.
Peykin hərəkətinin öyrənilməsi təkcə orbital mexanikanın deyil, daxili quruluşun da anlaşılması baxımından mühüm əhəmiyyət daşıyıb.
“Cassini” missiyasının çoxsaylı uçuşları zamanı alimlər səthdəki bəzi orientirlərin hesablanmış koordinatlardan cüzi fərqləndiyini müşahidə ediblər. Planetoloq Ralf Lorensin sözlərinə görə, bu dəyişikliklər peykin daxili quruluşu barədə mühüm ipucu verib.
Sonrakı araşdırmalar göstərib ki, Saturnun cazibəsi Titanı gözlənildiyindən daha çox deformasiya edir. Bu isə buz qabığının altında qlobal maye su okeanının mövcud ola biləcəyi ehtimalını gücləndirib. Lakin bu məsələ ilə bağlı hələ qəti nəticə yoxdur.
2025-ci ildə “Nature” jurnalında dərc olunan tədqiqat isə alternativ versiya irəli sürüb. Həmin fərziyyəyə görə, Titanın daxilində maye okean əvəzinə yüksək təzyiqli isti buz qatı və qismən ərimiş sahələr mövcud ola bilər. Beləliklə, “Cassini” missiyasının məlumatları Titanın daxili quruluşu ilə bağlı bir neçə mümkün modeli dəstəkləyir.
Tədqiqatçılar bildirirlər ki, Titanın öyrənilməsi təkcə Saturnun peyklərini deyil, həm də Günəş sistemindən kənarda potensial yaşayış üçün əlverişli ola biləcək dünyaları daha yaxşı anlamağa imkan verir.
Müasir təsəvvürlərə görə, qalaktikamızda ən geniş yayılmış ulduzlar olan qırmızı cırtdanların ətrafında dövr edən bir çox ekzoplanet də gelgit kilidlənməsinə məruz qalır. Bu isə həmin planetlərin bir tərəfində daimi gündüz, digər tərəfində isə sonsuz gecənin hökm sürməsi deməkdir.
Alimlər hesab edirlər ki, Titanın öyrənilməsi belə dünyaların necə görünə biləcəyini və onların səthində hansı şəraitin mövcud ola biləcəyini anlamağa kömək edir.
Samir


