Miçiqan gölünün nərəsi uzun müddətdir "canlı dinozavr" kimi tanınır. Lakin Miçiqan və Viskonsin ştatlarının dövlət qurumları və universitetlərinin nümayəndələrinin apardığı yeni araşdırmaya görə, bu balıq düşünüldüyündən xeyli uzun ömür sürə bilər.
HİT.az xəbər verir ki, bu barədə "The Independent" yazıb.
Alimlər Böyük Göllərdəki nərə populyasiyalarını təhlil edərək müəyyənləşdiriblər ki, bu bığlı və tikanlı balıqların bəzi dişiləri 427 ilədək yaşaya bilər.
Bu, Qrenlandiya köpəkbalıqlarının ömrünə demək olar ki, bərabərdir. Yer üzündə ən uzunömürlü onurğalılar hesab olunan Qrenlandiya köpəkbalıqları Atlantik okeanının qaranlıq və buz kimi soyuq dərinliklərində 512 ilədək yaşaya bilir.
ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinin məlumatına görə, göl nərəsi Şimali Amerikanın ən iri şirin su balıqlarından biridir və çəkisi 90-130 kiloqrama çata bilər.
Bəzi nərə balıqları isə ovun, məsələn, kiçik balıqlar və molyuskların daha çox olduğu mühitlərdə digərlərindən daha iri ölçülərə qədər böyüyə bilir. Bu canlılar həmin qidaları göllərin dibindən iri və irəli uzana bilən ağızları vasitəsilə soraraq əldə edirlər.
Aparılan ölçmələr sayəsində alimlər balıqların hansı dərinlikdə yaşadığını və onların böyümə sürətinin necə dəyişdiyini müəyyənləşdirə biliblər.
Miçiqan Təbii Sərvətlər Departamentinin mütəxəssisləri araşdırmanın metodunu belə izah ediblər:
"Sadə şəkildə desək, biz bu məlumatlardan göl nərəsinin ömrünü qiymətləndirmək üçün istifadə etdik və belə bir sual verdik: Əgər göl nərəsi ildə X santimetr böyüyürsə, müəyyən ölçüyə çatması üçün neçə il lazımdır?"
Miçiqan ştatının Təbii Sərvətlər Departamentinin Market tədqiqat stansiyasının rəhbəri Edvard Beyker "News Channel 3" telekanalına bildirib ki, illik halqaların və üzgəc şüalarının en kəsiklərinin təhlili nəticəsində nərə balıqlarının ilkin ehtimal ediləndən xeyli uzun yaşadığı qənaətinə gəliblər.
Onun sözlərinə görə, Böyük Göllərdə vaxtilə 2 milyondan çox fərddən ibarət olan göl nərəsi populyasiyasının hazırda 1 faizindən də az hissəsi qalıb.
Departament vurğulayır ki, bu balıqların nə qədər yaşadığını anlamaq onların növünün və yaşayış mühitlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
"Göl nərəsi digər balıqlardan daha gec cinsi yetkinliyə çatır və dişilər yalnız 15-25 yaşlarında çoxalmağa başlaya bilirlər. Bu o deməkdir ki, növün bərpası üçün ciddi qoruyucu tədbirlərin görülməsi həyati əhəmiyyət daşıyır", - deyə məqalədə qeyd olunub.
Lakin 1800-cü illərin sonlarında nərə balıqları balıqçılar tərəfindən demək olar ki, tamamilə məhv edilib.
Beykerin sözlərinə görə, bu fakt ovlanmaya çox ciddi məhdudiyyətlərin tətbiq edilməsinin zəruriliyini göstərir:
"Bu, sadəcə olaraq istənilən şəxsin istədiyi qədər ovlamasına icazə verə biləcəyimiz balıq deyil".
Samir


