Amerika hərbçiləri tarixdə ilk dəfə Aya süni siqnal göndərərək ondan əks-səda almağa nail olublar.
HUT.az xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.
“Project Diana” adlandırılan təcrübə 10 yanvar 1946-cı ildə ABŞ-ın Nyu-Cersi ştatındakı Fort Monmut hərbi bazasının Camp Evans ərazisində həyata keçirilib.
Tədqiqat qrupuna podpolkovnik Con DeVitt rəhbərlik edib. Komanda üfüq üzərində yüksələn Aya modifikasiya edilmiş radar yönəldərək ona güclü radioimpulslar göndərib. Təxminən 2,5 saniyə sonra ossilloqraf zəif əks-səda qeydə alıb. Siqnal Ayadək və geriyə ümumilikdə təxminən 768 min kilometr məsafə qət edib. Yerlə Ay arasındakı orta məsafə isə təxminən 384 min kilometrdir.
"Engineering and Technology History Wiki"nin məlumatına görə, həmin vaxta qədər alimlər yüksək tezlikli radio dalğalarının Yer atmosferinin sıx yuxarı qatlarından keçə bilib-bilməyəcəyinə əmin deyildilər. Onların səthə geri əks olunması da mümkün hesab edilirdi.
“Project Diana” göstərdi ki, radio siqnal ionosferanı keçərək kosmosdan Yerə geri qayıda bilər.
Təcrübənin uğurlu alınması üçün mühəndislər İkinci Dünya müharibəsi dövründə istifadə edilən SCR-271 radar sistemini ciddi şəkildə yenidən işləməli oldular. Bunun üçün xüsusi qüllədə 8x8 elementdən ibarət böyük antena şəbəkəsi quraşdırıldı. Bu sistem siqnalı Ay istiqamətində cəmləşdirirdi.
Hədəf son dərəcə uzaqda olduğundan göndərilən siqnalın yalnız çox kiçik hissəsi geri qayıdırdı. Mühəndislər buna görə kosmik küyü və atmosfer maneələrini ayırd edə bilən yüksək həssaslıqlı qəbuledici də hazırladılar.
Bundan əlavə, Ayın hərəkətindən yaranan Doppler effektini əvvəlcədən hesablamalı oldular. Ekranda gözlənilən siqnalın düz 2,5 saniyə sonra görünməsi komandanı nəzəri hesablamaların doğru olduğuna əmin etdi.
“Project Diana”nın əhəmiyyəti uğurlu bir təcrübənin nəticəsindən daha böyük oldu. Eksperiment radarın yalnız təyyarələri və atmosferdəki obyektləri aşkar etmək üçün deyil, Yerdən çox uzaqda yerləşən kosmik cisimləri öyrənmək üçün də istifadə edilə biləcəyini göstərdi.
Bu texnologiya radioastronomiyanın əsaslarının formalaşmasına, peyk rabitəsinin inkişafına və gələcək Ay missiyalarının həyata keçirilməsinə yol açdı.
Samir


