Venera Günəşdən daha uzaqda olsa da, Merkuriidən istidir: Səbəb nədir?

DÜNYA
20:59 / 10.08.2026
39

Venera Günəş sisteminin ən isti planetidir. Lakin Merkuri Günəşə daha yaxın yerləşir. 

HİT.az xəbər verir ki, "Popular Science" nəşri bunun səbəbini izah edib.

Bildirilir ki, Günəş sistemi təxminən 4,5 milyard il əvvəl formalaşıb. Həmin dövrdə Venera, ehtimal ki, tropik cənnət olub. Alimlərin sözlərinə görə, planetin səthini su okeanları örtüb, səması isə yumşaq buludlarla əhatə olunub.

Əvvəllər Günəş sisteminin ən isti planeti Merkuri olub. Lakin zaman keçdikcə Günəş daha parlaq olub və "idarəolunmaz istixana effekti" kimi tanınan bir sıra proseslər nəticəsində Veneranın səthində temperatur Merkuri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib.

Merkuri Günəşə ən yaxın planetdir və buna görə də onun bəzi əraziləri hələ də son dərəcə istidir. Planetin Günəş işığı düşən tərəfində temperatur təxminən 430 dərəcə Selsiyə çatır. Bu isə qurğuşunu əritmək üçün kifayətdir.

Nəşrin məlumatına görə, istixana effekti müşahidə olunan yeganə planet Venera deyil. Üstəlik, məhz bu hadisə Yer səthini həyat üçün əlverişli edir.

Qızdırılmış cisimlər elektromaqnit şüalanması, yəni işıq yayır. Buna onların atom və molekullarının daim titrəməsi səbəb olur. Yer səthi Günəş tərəfindən qızdırılır və insan gözünün görə bilmədiyi infraqırmızı şüalar yayır.

İnsanlar və heyvanlar da infraqırmızı şüalanma yayır. Ocaqdan ayrılan enerjinin böyük hissəsi də məhz infraqırmızı şüalanmadır. Cisim nə qədər isti olarsa, bir o qədər çox infraqırmızı şüalanma yayır.

Nəşr izah edir ki, Merkuri kimi atmosferi olmayan planetdə bu enerji birbaşa kosmosa çıxır. Nəticədə Merkurinin qızmar Günəş işığı düşən tərəfi ilə gecə tərəfi arasında böyük temperatur fərqi yaranır. Planetin gecə tərəfində temperatur mənfi 180 dərəcəyə qədər enə bilər.

Yerdə isə atmosferdəki istixana qazları, o cümlədən karbon qazı, metan və su buxarı molekulları bu infraqırmızı şüalanmanın bir hissəsini udur və saxlayır. Onlar planetin ətrafında yorğan kimi fəaliyyət göstərərək istiliyin səthdə qalmasına səbəb olur.

Alimlər hesab edirlər ki, ölçülərinin oxşarlığı və Günəşə yaxın yerləşmələri səbəbindən Yer və Venera ilkin dövrlərində təxminən eyni miqdarda su və karbon qazına malik olublar. Tədqiqatçılar Veneranın da Yer kimi karbon qazını okeanlarda və süxurlarda saxlamış ola biləcəyini istisna etmirlər.

Ulduzların elmi modelləri göstərir ki, Günəş sisteminin yaranmasından bəri Günəşin parlaqlığı təxminən 40 faiz artıb. Dörd milyard il əvvəl Günəş hazırda yaydığı enerjinin cəmi 70 faizini yayırdı.

Hələlik Venerada nə vaxtsa uzunömürlü okeanların mövcud olub-olmadığı dəqiq məlum deyil. Lakin əldə olunan məlumatlar göstərir ki, planet öz tarixinin ilk dövrlərində böyük miqdarda suya malik olub.

Böyük ehtimalla, Günəşin parlaqlığı artdıqca Veneradakı suyun getdikcə daha böyük hissəsi buxarlanaraq atmosferə keçib. Karbon qazını udub saxlaya bilən səthi suların olmaması nəticəsində bu istixana qazının demək olar ki, hamısı atmosferdə toplanıb.

Hazırda karbon qazı Venera atmosferinin təxminən 96 faizini təşkil edir. Planetin səthində gündüz və gecə temperaturu isə demək olar ki, dəyişmir və təxminən 464 dərəcə Selsi təşkil edir.

Samir
 

0