Avstraliya ağayaqlı qurbağaağız quşunun qeyri-adi görünüşü var. İri sarı gözləri və aşağıya doğru əyilmiş enli dimdiyi ona daim narazı görkəm verir. Rəngarəng lələkləri isə ağac budaqları arasında gizlənməsinə kömək edir.
HİT.az xəbər verir ki, almaniyalı tədqiqatçıların məlumatına görə, bu əyləncəli görünüşlü quşun ən "instaqramlıq" quşlardan biri hesab edilməsi təəccüblü deyil. 2025-ci ildə o, Avstraliyada ilin quşu da seçilib.
Avstraliya ağayaqlı qurbağaağız quşunu gecə həyat tərzi sürdüyü, iri gözlərə malik olduğu və ağaclarda oturduğu üçün tez-tez bayquşla səhv salırlar. Lakin bu quş qurbağaağızkimilər (Podargidae) fəsiləsinə aiddir və bayquşlardan daha çox gecə qaranquşları və kolibrilərlə qohumdur.
Ayaqlarının quruluşunda da fərq var. Bayquşun ovunu tutmaq üçün güclü caynaqları olduğu halda, qurbağaağız quşunun ayaqları qısa, pəncələri isə nisbətən zəifdir. O, adətən budaqda ovunu gözləyir, sonra qəfil aşağı şığıyaraq geniş, qarmaqşəkilli dimdiyi ilə onu tutur.
Quşun bədəninin uzunluğu 32,5-50 santimetr, qanadlarının açılmış halda uzunluğu 65-98 santimetr, çəkisi isə 200-600 qram arasında dəyişir.
Quş Avstraliya materikinin bütün ərazisində və Tasmaniyada yayılıb. O, müxtəlif şəraitə yaxşı uyğunlaşır və meşələrdə, kolluqlarda, kənd təsərrüfatı sahələrində, parklarda və şəhərətrafı bağlarda yaşayır.
Avstraliya ağayaqlı qurbağaağız quşu kamuflyaj ustasıdır.
Avstraliya ağayaqlı qurbağaağız quşunun ən yaxşı müdafiəsi ağac budağına bənzəməsidir. Gündüzlər o, şaquli vəziyyətdə oturur, bədənini uzadır, gözlərini qıyır və dimdiyini yuxarı istiqamətləndirir.
Boz-qəhvəyi zolaqlı lələkləri ağac qabığı ilə yaxşı qarışdığından quşu görmək olduqca çətindir.
Onun qidasının əsasını gecə həşəratları, hörümçəklər, qurdlar, şlaklar, ilbizlər, çoxayaqlılar və tarakanlar təşkil edir. Fürsət düşəndə quş kiçik məməliləri, sürünənləri, qurbağaları və digər quşları da tutur.
Qurbağaağız quşu adətən uzun müddət cüt olaraq yaşayır və təxminən avqustdan dekabra qədər çoxalır.
O, çox vaxt ağacın çəngəlvari budaqlarının arasında xırda budaqlardan yuva qurur və onu yarpaqlar, mamır, şibyə, lələk və ya hörümçək toru ilə kamuflyaj edir.
Dişi quş iki-üç yumurta qoyur. Hər iki valideyn yumurtaları kürtür və yuvanı qoruyur. Balalar təxminən 30 gün sonra yumurtadan çıxır və 25-35 gün ərzində uçmağa başlayırlar.
Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının (IUCN) təsnifatına görə, Avstraliya ağayaqlı qurbağaağız quşu "ən az narahatlıq doğuran" növ statusuna malikdir və arealının böyük hissəsində geniş yayılıb.
Bununla belə, quşlar avtomobillərlə toqquşma, pestisidlərin ikinci dərəcəli zəhərlənməsi və yırtıcılar kimi təhlükələrlə üzləşirlər. Xüsusilə pişiklər və tülkülər yetkin quşları və balaları öldürə, yaxud yumurtaları yeyə bilərlər.
Samir


