Rumıniya "dünyanın ən ağıllı" raketini sınaqdan keçirdi

DÜNYA
17:28 / 11.08.2026
30

Rumıniyanın "Oves Enterprise" şirkəti Sahara qanadlı raketinin ilk uğurlu sınaqlarının başa çatdığını açıqlayıb. Şirkət bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

HİT.az xəbər verir ki, şirkətin açıqlamasında əsas məqsədin “dünyanın ən ağıllı qanadlı raketini yaratmaq” olduğu bildirilib və bununla yanaşı, “böyük mərhələnin” geridə qoyulduğu qeyd edilib. Şirkət sınaqların videosunu yayımlamayıb, lakin paylaşımda raketin uçuşunu və şərti düşmən tankının məhv edilməsini əks etdirən illüstrativ görüntülər təqdim edib.

"Defense Express" yazır ki, Sahara ilk baxışdan ucuz və kiçik döyüş başlığına malik müasir uzaqmənzilli silahlar sinfinə aid edilə bilər. Lakin onun, ən azı təqdim olunan variantının taktiki-texniki xüsusiyyətlərinə görə, bu vasitəni şərti olaraq “middlestrike-dron” adlandırmaq daha doğru olar.

Əvvəllər bildirilmişdi ki, cəmi 55 kiloqram ağırlığında olacaq Sahara raketinin 10 kiloqramlıq döyüş başlığı və 200 kilometr uçuş məsafəsi nəzərdə tutulur.

Analitiklər qeyd edirlər ki, təqdimat videosunda hədəf kimi tankın seçilməsi təəccüblü deyil. Bununla belə, Sahara raketlərindən istifadə edilə biləcək obyektlərin siyahısı daha genişdir. Buraya hava hücumundan müdafiə sistemləri, sursat və yanacaq-sürtkü materialları anbarları, rabitə sistemləri və digər obyektlər daxildir.

Bununla yanaşı, Sahara dünyada belə kiçik döyüş başlığına malik yeganə qanadlı raket deyil. Məsələn, "Red Wolf" qanadlı raketinin döyüş başlığında 10 kiloqrama qədər partlayıcı maddə ola bilər. "Barracuda" raketinin isə variantlarından birində döyüş başlığının çəkisi cəmi 18 kiloqramdır.

Eyni zamanda Sahara raketinin istehsalçısı daha uzaqmənzilli versiyalar hazırlamağı planlaşdırır. Onların uçuş məsafəsinin 500–600 kilometr, eləcə də 900–1100 kilometr olması nəzərdə tutulur. Defense Express-in ehtimalına görə, yeni versiyalar daha güclü döyüş başlığı ilə təchiz edilə bilər.

Raketin “dünyanın ən ağıllı” qanadlı raketi olmasını təmin edəcək xüsusiyyətlər də diqqət çəkir. Məlumata görə, Sahara uçuş tapşırığına sürətlə uyğunlaşmağa və peyk naviqasiya sisteminin maneələrə qarşı dayanıqlığını artırmağa cavabdeh olan Nemesis AI süni intellekt sistemi ilə təchiz edilib.

Samir

0