Bir il ərzində Ukraynadan Avropa İttifaqına gedərək müvəqqəti müdafiədən yararlanan yetkin kişilərin sayı 15% artıb və 1,2 milyona yaxınlaşıb.
HİT.az bu barədə Avrostat-ın məlumatlarına istinadən xəbər verir.
Avropa statistika xidmətinin məlumatına görə, 2026-cı ilin iyununun sonuna Ukraynadan müvəqqəti müdafiə alanların ümumi sayında yetkin kişilərin payı 27% təşkil edib. Bu, təxminən 1,19 milyon nəfər deməkdir.
Bir il əvvəl yetkin kişilər 4,31 milyon müvəqqəti müdafiə alan şəxsin 24,1 faizini təşkil edirdi. Beləliklə, bir il ərzində onların sayı təxminən 150 min nəfər və ya 15% artıb.
Məlumatda qeyd olunur ki, ukraynalılar arasında yetkin kişilərin payının artması son bir neçə ildə müşahidə edilir. 2024-cü ilin iyununda bu göstərici 22%, bir il sonra 24,1%, 2026-cı ilin iyununda isə 27% olub.
Bundan əvvəl Polşada “Hüquq və ədalət” partiyasından deputat Anjey Şlivka işsiz ukraynalıların ölkədən deportasiya edilməsinə çağırıb. O bildirib ki, onların arasında Ukrayna Silahlı Qüvvələri üçün ən azı bir briqada formalaşdırmaq mümkün olardı. Onun sözlərinə görə, Polşada işsiz ukraynalıların sayı ölkədəki ukraynalıların 5 faizini təşkil edirsə belə, bu, “ən azı bir briqada, hətta öz ölkəsi uğrunda döyüşə biləcək insanların diviziyası” deməkdir.
Samir


