Moldova Baş naziri Vasili Tofan hökumət üzvlərinin xarici səfərlərinin müddətindən narazılığını bildirib və ölkənin maraqlarına uyğun olmayan ezamiyyətlərin sayının azaldılmasına çağırıb.
HİT.az-ın məlumatına görə, siyasətçi xatırladıb ki, hökumətin ilk iclasında nazirlərdən səfərləri təsdiqləyərkən daha düşünülmüş qərarlar qəbul etmələrini istəyib.
Baş nazirə xarici ezamiyyətlərlə bağlı müraciətlər daxil olur. Tofanın sözlərinə görə, onların bəziləri Moldova üçün heç bir maraq kəsb etmir və daha çox “xidməti turizmə” bənzəyir.
Baş nazirin sözlərinə görə, dövlət katiblərindən biri Hindistanda 9 gün keçirmək istəyib, digəri Monqolustana səfər etməyi planlaşdırıb, daha iki dövlət katibi isə İtaliyaya getmək niyyətində olub.
Tofan hökumət üzvlərini həm səfərlərin müddətinə, həm də onların məqsədinə daha tənqidi yanaşmağa çağırıb. O bildirib ki, ölkə daxilində görüləsi hələ çox iş var.
Baş nazirin sözlərinə görə, bəzi xarici səfərlər danışıqlar aparmaq, biznes nümayəndə heyətlərinin tərkibində iştirak etmək və maliyyə vəsaitləri cəlb etmək üçün zəruridir. Lakin digər səfərləri eyni şəkildə əsaslandırmaq mümkün deyil.
Samir

