Hindistan Rusiya mənşəli qırıcıların istehsalını bərpa edir

DÜNYA
15:44 / 12.08.2026
40

Hindistanın “Hindustan Aeronautics Limited” (HAL) şirkəti Rusiya mənşəli “Su-30MKI” qırıcılarının istehsalını Naşikdəki zavodunda bərpa edir. İlk yeni təyyarənin 2027-2028-ci illərdə Hindistan Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. 

HİT.az xəbər verir ki, bu barədə “The Economic Times” yazıb.

Əvvəllər HAL Rusiya lisenziyası əsasında Hindistan Hərbi Hava Qüvvələri üçün 222 belə təyyarə istehsal edib. Bildirilir ki, 2029-cu ilə qədər 12 təyyarənin hazırlanması planlaşdırılır. Bu qırıcılar 2024-cü ilin dekabrında təxminən 1,3 milyard dollar dəyərində sifariş edilib və itirilmiş təyyarələrin əvəzlənməsi üçün nəzərdə tutulub.

Sifarişin şərtlərinə əsasən, tələb olunan komponentlərin 50 faizdən çoxu Hindistan istehsalı olacaq.

Bundan əlavə, ehtimal olunur ki, Naşikdəki müəssisədə mövcud “Su-30MKI” parkının kompleks modernləşdirilməsi də həyata keçiriləcək.

“Defense Express”in məlumatına görə, sonuncu “Su-30MKI” 2020-ci ildə Naşikdəki istehsal xəttindən çıxıb.

Analitiklər bildirirlər ki, hazırkı planlara əsasən, müqavilənin imzalanmasından ilk təyyarənin təhvil verilməsinə qədər təxminən 3-4 il keçəcək. Bütün 12 qırıcının hazırlanması isə 5 il çəkəcək.

“Bu, “Rafale” qırıcılarının istehsal tempi ilə müqayisədə kifayət qədər yavaş göstəricidir. Lakin istehsalın yenidən bərpa edilməli olduğunu nəzərə alsaq, burada təəccüblü heç nə yoxdur. İstehsalın dayandırılması ilə yeni təyyarənin təhvil verilməsi arasında 7-8 il olacaq”, – analitiklər qeyd ediblər.

Ekspertlərin fikrincə, istehsalın bərpası Naşikdə mövcud istehsal güclərinin qorunmasına və yerli təchizat zəncirlərinin inkişaf etdirilməsinə imkan verə bilər. Bu isə gələcəkdə lokallaşdırma səviyyəsinin artırılmasına şərait yaradacaq.

Onların fikrincə, bu təcrübə “Su-30MKI” qırıcılarının sonrakı modernləşdirilməsinə kömək etməklə yanaşı, Hindistanın beşinci nəsil AMCA qırıcı layihəsinin həyata keçirilməsi üçün də faydalı ola bilər.

Samir

0