Almaniya 16 yaşdan aşağı yeniyetmələrə alkoqol qadağası tətbiq etmək istəyir

DÜNYA
16:55 / 12.08.2026
45

Almaniya hökumətinin Nazirlər Kabineti müvafiq qanun layihəsini təsdiqləyib. 

HİT.az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

Nəşrin qanun layihəsinə istinadən verdiyi məlumata görə, hazırda "Gənclərin müdafiəsi haqqında" qanunda 14-15 yaşlı yeniyetmələrə valideynlərinin və ya qəyyumlarının iştirakı ilə alkoqollu içkilər qəbul etməyə və almağa imkan verən istisnanın ləğvi nəzərdə tutulur.

Təklifi Almaniyanın ailə məsələləri üzrə naziri Karin Prien irəli sürüb. Gözlənilir ki, islahat uşaqların sağlamlığının daha yaxşı qorunmasına və onları alkoqol asılılığının yaranması riskindən müdafiə etməyə kömək edəcək.

Nazirlər Kabinetinin qanun layihəsini nəzərdən keçirməsindən sonra sənəd Bundestaqın müzakirəsinə təqdim olunacaq. Qanun layihəsinin qəbul edilib-edilməyəcəyinə parlament qərar verəcək.

Almaniyada hazırda alkoqollu içkilərin qəbuluna 16 yaşdan etibarən icazə verilir. Bununla yanaşı, 14-15 yaşlı yeniyetmələr böyüklərin və ya qəyyumların iştirakı ilə pivə, şərab və ya onların əsasında hazırlanan kokteyllər içə bilərlər. Bu norma ölkədə 1952-ci ildən qüvvədədir.

Bundan əvvəl Almaniyada 16 yaşdan aşağı uşaqlar və yeniyetmələr üçün bəzi sosial şəbəkələrdən istifadənin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi də müzakirə edilmişdi. Məhdudiyyətlərin uşaqları və yeniyetmələri internetdə nifrət və təhqir, psixoloji təzyiq, bullinq, eləcə də zərərli məzmunun təsirindən daha effektiv qoruması məqsədi daşıdığı bildirilirdi.

Samir

0