200-dən çox şəhəri gəzən səyyah Avropanın 5 gizli incisini seçdi

DÜNYA
22:56 / 17.08.2026
47

40 ölkədə 200-dən çox Avropa şəhərini ziyarət edən təcrübəli səyyah turist marşrutlarından hələ də kənarda qalan beş orta əsr şəhərciyinin adını çəkib. 

HİT.az xəbər verir ki, “Travel Off Path” bu məlumatı öz müxbiri Vini­sius Koştaya istinadən yayıb.

Onun sözlərinə görə, məşhur bloqçular Budapeşt və ya Praqaya getməyi tövsiyə etdiyi halda, əsl “nağılvari” məkanlar daha az tanınan marşrutlardan kənarda gizlənir.

Portuqaliya

Siyahıda ilk yerdə Portuqaliyanın şimalındakı Penedonu şəhərciyi qərarlaşıb. Burada qranit evlərin və rahat meydanın üzərində qayalı çıxıntıda yerləşən orta əsr qalası var. Bu məkan hətta portuqallar arasında da çox tanınmır, turistlərin kütləvi şəkildə üz tutduğu Porto ilə müqayisədə isə demək olar ki, kəşf edilməyib.

Müəllif “Taberna Fornos do Rei” meyxanasında yerli yeməkləri dadmağı xüsusilə tövsiyə edir. Onun sözlərinə görə, bu məkanın mətbəxi üçün səfər marşrutundan kənara çıxmağa dəyər.

Rumıniya

İkinci məkan Rumıniyanın Rupya qalasının yaxınlığında yerləşən möhkəmləndirilmiş Viskri kəndidir. Kəndin əsas görməli yeri YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş istehkamlı kilsədir.

Müəllif qeyd edir ki, kənd “sanki XII əsrdən heç vaxt kənara çıxmayıb”.

Maraqlı fakt: Böyük Britaniya kralı III Çarlzın Viskridə evi var. Müəllifin fikrincə, bu şəhərcik monarx üçün kifayət qədər gözəldirsə, adi turistlər üçün də mütləq ziyarətə dəyər.

İsveç

Üçüncü məkan Qotland adasındakı Visby şəhəridir. Şəhərin bütövlükdə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilməsi ilə yanaşı, burada orta əsrlərə aid daş qala divarları da olduqca yaxşı qorunub.

Köhnə şəhər daş döşənmiş küçələri, daş divarları və çiçəklərlə bəzədilmiş evləri ilə labirinti xatırladır.

Yunanıstan

Dördüncü məkan Şimali Egey dənizində yerləşən Xios adasındakı Pirqi kəndidir. Bura “mastika kəndləri” adlanan yaşayış məntəqələrindən biridir və fasadlarında xarakterik həndəsi naxışlarla bəzədilmiş evləri ilə seçilir.

Müəllif XIII-XIV əsrlərə aid freskalarla bəzədilmiş Müqəddəs Həvarilər Bizans kilsəsini də ziyarət etməyi tövsiyə edir.

Fransa

Siyahını Fransadakı Le-Bo-de-Provens şəhərciyi tamamlayır. Sen-Rémi-de-Provens yaxınlığında yerləşən bu məkan qayalı təpənin içində salınıb. Vinsent van Qoq vaxtilə məhz bu ərazidə müalicə olunub.

Yaşayış məntəqəsinin üzərində orta əsr qalasının xarabalıqları ucalır, dar küçələr isə bal rəngli evlərlə əhatə olunub.

Özü Fransada yaşayan müəllif etiraf edir:

“Bu, bu günə qədər məni tamamilə heyrətləndirməyə davam edən nadir məkanlardan biridir”.

Samir

0