Latviya müdafiə üçün Aİ-dən 7 milyard avro istəyəcək

DÜNYA
19:40 / 17.08.2026
47

Latviya Rusiya ilə münasibətlərin kəsilməsinin yaratdığı müdafiə xərclərini və iqtisadi nəticələri qarşılamaq üçün Avropa İttifaqından əlavə 7 milyard avro ayırmasını istəyib. 

HİT.az xəbər verir ki, bu barədə Latviyanın Baş naziri Andris Kulberqs "Politico"ya bildirib.

Latviya vəsaitin Aİ-nin növbəti yeddiillik büdcəsindən ayrılmasını istəyib. Bu məbləğ eyni yeddiillik dövr ərzində ölkənin müdafiəyə proqnozlaşdırılan 15,12 milyard avro xərclərinin təxminən yarısına bərabərdir.

Kulberqs bildirib ki, bu yolla Latviya özündən qərbdə yerləşən ölkələrin təhlükəsizliyinə töhfə verəcək. Onun sözlərinə görə, vəsaitin əhəmiyyətli hissəsi Latviya Almaniya, Fransa, İspaniya, İsveç və Niderlanddan silah-sursat və hərbi texnika alarkən yenidən Aİ iqtisadiyyatına qayıdacaq.

"Biz büdcə kəsirini maksimum həddə çatdırırıq... və bu borclar hesabına bütün Avropanın müdafiəsini maliyyələşdiririk", – Latviya hökumətinin başçısı deyib.

Son dövrlərdə Latviya və digər Baltikyanı ölkələrin hava məkanına pilotsuz uçuş aparatlarının daxil olması halları artıb. Sonuncu dəfə avqustun 14-də NATO qırıcıları Latviya üzərində bir pilotsuz uçuş aparatını vurub. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, aparat Belarus ərazisindən gəlib.

Dronlarla bağlı bu cür insidentlər Latviyada hökumət böhranına da səbəb olub. May ayında Baş nazir Evika Silinya onu təhlükəsizlik tədbirlərinin yetərli olmamasında ittiham etdikdən sonra Andris Spruds istefa verib. Bir neçə gün sonra Silinya da vəzifəsini tərk edib.

Samir

0