Moldova prezidenti Maya Sandu bəzi dronların ölkənin hava məkanına qəsdən daxil olduğunu bildirib.
HİT.az xəbər verir ki, onun sözlərini "Newsmaker" nəşri yayıb.
"Mən hesab edirəm ki, bəziləri ora təsadüfən düşür, digərləri isə göndərildikləri üçün daxil olur. Üstəlik, onlar təkcə bizim hava məkanımıza deyil, regionun digər dövlətlərinin hava məkanına da daxil olurlar. Mən belə halları həm Rumıniyada, həm də Polşada görmüşəm. Bu dronların uçuş trayektoriyasına əsasən hansılarının qəsdən göndərildiyini, hansılarının isə ora təsadüfən düşdüyünü söyləmək olar", deyə Sandu bildirib.
Dövlət başçısı buna görə məsuliyyəti Rusiyanın üzərinə qoyub. Onun sözlərinə görə, "bu dronları həm Moldova Respublikasında, həm Ukraynada, həm də hər yerdə dayandırmaq üçün ən vacib məsələ Ukraynaya kömək etmək və onun qalib gəlməsini təmin etməkdir".
Avqustun 17-də Moldova polisi ölkənin cənubundakı Ştefan-Voda rayonunun Talmaza kəndindən təxminən 3 kilometr məsafədə uçuş aparatının düşməsi və partlaması barədə məlumat verib.
İlkin məlumatlara görə, partlayış hələlik kimliyi müəyyən edilməyən uçuş aparatının düşməsi nəticəsində baş verib.
Samir


