Astronomlar uzaq kosmosdan yeddi saat davam edən güclü siqnal qeydə alıblar. GRB 250702B adlandırılan bu qamma şüalanması təxminən 25 min saniyə davam edərək əvvəlki rekordları yeniləyib.
HİT.az xəbər verir ki, bu barədə "BBC Sky at Night Magazine" yazır.
Bildirilir ki, astronomlar yüksək enerjili şüalanma ilə müşayiət olunan bu cür hadisələri adətən səmanın böyük hissələrini müşahidə edən kosmik teleskoplar vasitəsilə aşkar edirlər. GRB 250702B 2025-ci il iyulun 2-də "NASA Fermi" kosmik teleskopu tərəfindən qeydə alınıb.
Alimlərin sözlərinə görə, qamma şüalanmaları adətən kütləvi ulduzların çökməsi və ya neytron ulduzlarının birləşməsi nəticəsində yaranır. Lakin tədqiqatçılar GRB 250702B-nin rekord müddət davam etməsinin nadir hadisəyə – helium ulduzlarının birləşməsinə işarə etdiyini düşünürlər.
Helium ulduzlarının birləşməsi nadir ssenaridir. Bu prosesdə ulduz kütləli qara dəliyin birləşmiş helium ulduzunu daxilindən udduğu ehtimal olunur.
Ekstremal partlayışları adi teleskoplarla aşkar etmək olduqca çətindir. Çünki onlar qısa siqnallarla müqayisədə adətən daha zəif olur və müəyyənləşdirilməsi daha mürəkkəbdir.
Nəşr qeyd edir ki, hazırda 2027-ci ildə buraxılması planlaşdırılan COSI teleskopunun hazırlanması davam edir. Bu teleskop alimlərə daha çox uzunmüddətli partlayışı aşkar etməyə və təhlil etməyə kömək edəcək.
Daha əvvəl astronomlar Yerə yaxınlaşan 40 mininci asteroidi kataloqlaşdırdıqlarını açıqlayıblar. Bu, Yerə yaxın kosmik qayaların aşkarlanması istiqamətində mühüm mərhələ hesab olunur.
Günəş sistemimizdəki asteroidlərin əksəriyyəti Mars və Yupiter arasında yerləşən əsas asteroid qurşağında yerləşir. Yerə yaxın asteroidin orbiti isə Yerin orbitindən təxminən 45 milyon kilometr məsafədən keçir.
Samir


