Cənubi Koreya Ukraynanın üzrxahlığını qəbul etmədi

DÜNYA
18:00 / 06.10.2026
43

Cənubi Koreya Ukraynadan iki Şimali Koreyalı hərbi əsirin Seula təhvil verilməsi barədə məlumatın açıqlanması ilə bağlı üzrxahlıq alıb. Lakin Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun sözlərinə görə, bu üzr gözləntilərə cavab vermir.

HİT.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

"Mən bu məsələ ilə bağlı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə daim əlaqə saxlamışam və o, vəziyyətin nə qədər mürəkkəb olduğunu bildirib", deyə Ço Hyon deputatların Ukraynanın üzr istəyib-istəmədiyi ilə bağlı sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Sibiqadan aldığı mesajlarda "üzrxahlıq ifadələri" yer alıb.

"Lakin bunlarla bizim gözlədiyimiz səviyyə arasında fərq var. Buna görə də qətiyyətli tədbirlər görmək niyyətindəyik", deyə Cənubi Koreyanın xarici işlər naziri bildirib.

O əlavə edib ki, hökumət müxtəlif variantları nəzərdən keçirir. Bunların arasında deputatlardan birinin təklif etdiyi kimi, Cənubi Koreyanın Ukraynadakı səfiri Pak Hi Çanın geri çağırılması ehtimalı da var.

Ço Hyon vurğulayıb ki, ilk gündən etibarən hərbi əsirlərin təhvil verilməsi barədə məlumatın məxfi saxlanılması ilə bağlı razılaşma olub. Məqsəd Şimali Koreyada qalan hərbçiləri və onların ailələrini qorumaq olub. Nazir qeyd edib ki, məlumatın ictimaiyyətə açıqlanmamasını ilkin olaraq məhz Ukrayna tərəfi xahiş edib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi əsirlərin təhvil verilməsi barədə məlumatı niyə açıqladığı ilə bağlı suala cavab verən Cənubi Koreyanın xarici işlər naziri ehtimal edib ki, Zelenski Birləşmiş Millətlər Təşkilatına Ukraynanın liberal demokratiya kimi lazımi şəkildə hərəkət etdiyini nümayiş etdirmək istəyib.

Bununla yanaşı, Ço Hyon bunun yalnız şəxsi yozumu olduğunu vurğulayıb.

Samir
 

0