Avropa İttifaqı (Aİ) Rusiyanın Avropada həyata keçirdiyi hibrid hücumlarla bağlı narahatlıqlar fonunda rusiyalı diplomatların hərəkətinə daha sərt məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.
HİT.az xəbər verir ki, “Euronews”un məlumatına görə, Brüsseldə rusiyalı diplomatların Aİ ölkələri daxilində səfərlərinə nəzarətin gücləndirilməsi müzakirə olunur. Yüksək rütbəli diplomatların sözlərinə əsasən, bu məsələ Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətinin növbəti mərhələlərindən biri ola bilər.
Müzakirələr Rusiyanın adı ilə əlaqələndirilən bir sıra hibrid insidentlərin fonunda aparılır. Ötən ay Macarıstan 10 rusiyalı diplomatı 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq “qəbuledilməz” davranışda ittiham edərək ölkədən çıxarıb. Moskva isə buna cavab olaraq analoji addım atıb.
Estoniyada müdafiə şirkətinə məxsus obyektə ehtimal olunan yanğın hücumu və Almaniyanın Leypsiq hava limanında partlamamış pilotsuz uçuş aparatının aşkarlanması kimi hadisələrin də Rusiyanın fəaliyyəti ilə əlaqələndirilməsi Avropada narahatlığı artırıb.
Qeyd olunur ki, Aİ ötən il 19-cu sanksiya paketi çərçivəsində rusiyalı diplomatların hərəkətinə dair yeni mexanizm yaradıb. 2026-cı ilin yanvarından qüvvədə olan qaydalara əsasən, Aİ ölkələrində fəaliyyət göstərən Rusiya diplomatları başqa üzv dövlətə səfər etmək və ya həmin ölkədən tranzit keçmək niyyətlərini ən azı 24 saat əvvəl bildirməlidirlər.
Bu qayda səfirlərlə yanaşı, diplomatik və konsulluq nümayəndələrinə, inzibati, texniki və xidmət heyətinə, həmçinin onların ailə üzvlərinə də şamil olunur. Lakin mövcud mexanizm diplomatların hərəkətini birbaşa məhdudlaşdırmır.
Aİ ölkələri daha sərt prosedur tətbiq edərək rusiyalı diplomatların tranzit üçün əvvəlcədən icazə almasını tələb edə bilər. İcazə verilmədiyi halda diplomat sərhədi keçə bilməz. Hazırda bu mexanizmdən yalnız iki ölkənin istifadə etdiyi bildirilir.
Avropa Komissiyasının sözçüsü isə sistemin yalnız 2026-cı ilin yanvarından tətbiq edildiyini və onunla bağlı praktiki təcrübənin hələ məhdud olduğunu bildirib.
Müzakirələr zamanı Aİ ölkələri təhlükəsizlik tədbirləri ilə diplomatların hüquqlarını qoruyan Vyana Konvensiyasının müddəaları arasında balans yaratmalı olacaq.
Polşa isə daha əvvəl rusiyalı diplomatların hərəkət azadlığının məhdudlaşdırılmasını, Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinin azaldılmasını, Aİ-yə daxil olan rusiyalılar üçün biometrik keçid sisteminin tətbiqini və Rusiya diplomatik nümayəndələrinin sayının azaldılmasını təklif edib.
Samir


