Səmimiyyətsiz insanları tanıdan 8 davranış: Psixoloqların diqqət çəkdiyi əlamətlər

DÜNYA
23:15 / 05.11.2026
35

İnsanların səmimi olub-olmadığını ilk baxışdan müəyyən etmək həmişə mümkün deyil. Bəziləri xoş təəssürat yaratmağı, ünsiyyətdə mehriban və xarizmatik görünməyi bacarsa da, müəyyən davranışları onların etibarlı olub-olmadığını üzə çıxara bilər.

HİT.az-ın məlumatına görə, “YourTango” nəşri psixoloqların fikirlərinə və elmi araşdırmalara istinadən səmimiyyətsiz insanların səkkiz xarakterik xüsusiyyətini açıqlayıb.

1. Özlərini qapalı aparırlar

Belə insanlar vacib məlumatları gizlətməyə, həqiqi hisslərini başqalarından saxlamağa meyilli olurlar. Araşdırmalara görə, açıqlıq və özünü emosional baxımdan ifadə etmək insanlar arasında etimadın formalaşmasında mühüm rol oynayır.

2. Başqalarının hissləri ilə manipulyasiya edirlər

Bəzi insanlar qarşı tərəfin emosiyalarını yaxşı anlamaq qabiliyyətindən öz məqsədləri üçün istifadə edirlər. Psixoterapevt Marni Feyermanın sözlərinə görə, emosional intellekt bəzən başqalarını idarə etmək və onlara psixoloji təsir göstərmək vasitəsinə çevrilə bilər.

3. Hadisələri şişirdirlər

Özlərini daha maraqlı və uğurlu göstərmək istəyən insanlar başlarına gələn hadisələri şişirdə, nailiyyətlərini olduğundan böyük təqdim edə bilərlər. Bu davranış zamanla onların sözlərinə olan etimadı zəiflədir.

4. Dedikləri ilə etdikləri üst-üstə düşmür

Daim vədlər verib onları yerinə yetirməmək, bir gün bir söz deyib başqa vaxt tamamilə fərqli davranmaq etibarsızlığın göstəricilərindəndir. Koqnitiv psixoloq Anne Byokler-Rettig bildirir ki, etimad davamlı şəkildə formalaşan prosesdir və münasibətlərin əsasını təşkil edir.

5. Səhvlərinə görə peşmanlıq hiss etmirlər

Başqalarını incitdikdən sonra üzr istəməmək və davranışlarına görə məsuliyyət daşımamaq da diqqət çəkən əlamətlərdəndir. Araşdırmalar göstərir ki, günahkarlıq hissi insanları zərərli davranışlardan çəkindirə və səhvlərini düzəltməyə sövq edə bilər.

6. Yalnız öz maraqlarını düşünürlər

Belə insanlar qərar verərkən başqalarının ehtiyaclarını və hisslərini nəzərə almırlar. Onlar üçün şəxsi istəklər ətrafdakı insanların maraqlarından daha vacib olur. Etibarlı insanlar isə qarşı tərəfin fikirlərinə qulaq asır və qərarlarının başqalarına təsirini nəzərə alırlar.

7. Empatiya qabiliyyətləri zəif olur

Başqalarının yaşadığı hissləri anlamaqda çətinlik çəkən insanlar münasibətlərdə emosional dəstək göstərməkdən yayınırlar. Münasibətlər üzrə mütəxəssis Mitzi Bokmanın fikrincə, insan öz emosiyalarını anlamırsa, başqalarının hisslərini də başa düşməkdə çətinlik çəkə bilər.

8. Yaxşılığı yalnız qarşılıq gözlədikdə edirlər

Səmimiyyətsiz insanların diqqət və qayğısı çox vaxt şəxsi maraqlardan asılı olur. Onlar yalnız müəyyən fayda əldə edəcəkləri zaman başqalarına kömək etməyə meyil göstərirlər. Etibarlı insanlar isə qarşılığında nəsə gözləmədən də başqalarına dəstək olurlar.

Məqalədə vurğulanır ki, bu xüsusiyyətlər insanın etibarsız olduğunu qəti şəkildə sübut etmir. Lakin belə davranışların davamlı təkrarlanması münasibətlərdə etimad məsələsinə daha diqqətlə yanaşmağı zəruri edir.

Samir
 

0