Alimlər Aralıq dənizinin dibində Eynşteynin nəzəriyyəsini sınaqdan keçirdi

DÜNYA
22:56 / 05.11.2026
42

Beynəlxalq alimlər qrupu Aralıq dənizinin 2450 metr dərinliyində yerləşən xüsusi teleskop vasitəsilə Albert Eynşteynin nisbilik nəzəriyyəsinin əsas prinsiplərindən birini yoxlayıb. Təxminən 5800 neytrino hissəciyinin təhlili nəticəsində fizika qanunlarının məkanın müxtəlif istiqamətlərində eyni qüvvədə olduğu qənaətinə gəlinib.

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Cosmology and Astroparticle Physics” elmi jurnalında dərc olunub.

Araşdırma zamanı Eynşteynin nisbilik nəzəriyyəsinin fundamental prinsiplərindən biri olan Lorens invariantlığı yoxlanılıb. Bu prinsipə görə, fizika qanunları məkanın hansı nöqtəsində və hansı istiqamətində olmasından asılı olmayaraq eyni qalır.

Alimlər bəzi nəzəriyyələrdə irəli sürülən ehtimalları da nəzərə alıblar. Həmin yanaşmalara görə, məkan-zaman ən kiçik miqyaslarda fasiləsiz deyil, ayrı-ayrı kvantlardan ibarət ola bilər. Belə olduğu halda, Lorens invariantlığı prinsipinin pozulması mümkündür. Bu ehtimalın təsdiqlənməsi müasir fizika üçün tamamilə yeni hadisələrin mövcudluğuna işarə edə bilərdi.

Tədqiqatçılar yoxlama üçün neytrino adlanan elementar hissəciklərdən istifadə ediblər. Maddə ilə olduqca zəif qarşılıqlı təsirə girən bu hissəciklər Yer kürəsinin daxilindən belə keçə bilir. Onlar hərəkət zamanı bir növdən digərinə çevrilirlər. Alimlər bu hadisəni neytrino osillasiyası adlandırırlar.

Tədqiqat çərçivəsində Aralıq dənizində, Fransanın Tulon şəhərindən təxminən 40 kilometr məsafədə yerləşən ORCA detektorunun ilk altı xəttindən əldə olunan məlumatlar araşdırılıb. 1,4 il davam edən müşahidələr zamanı qeydə alınan hissəciklərin enerjisi və hərəkət istiqamətləri nəzəri hesablamalarla müqayisə edilib.

Nəticədə Eynşteynin nəzəriyyəsinin proqnozlarından hər hansı kənarlaşma aşkarlanmayıb. Bununla belə, alimlər bu nəticənin Lorens invariantlığının heç bir halda pozulmadığını sübut etmədiyini bildirirlər. Araşdırma sadəcə mümkün pozuntuların sərhədlərini daha da daraldıb.

Tədqiqatçılar paralel olaraq Siciliya sahillərində 3500 metr dərinlikdə ARCA adlı ikinci neytrino teleskopunun qurulmasını da davam etdirirlər. Bu qurğunun uzaq kosmik mənbələrdən gələn yüksək enerjili hissəcikləri araşdırması və nəzəriyyənin daha dəqiq sınaqdan keçirilməsinə imkan yaratması gözlənilir.

Samir

0