Təbriz Şəhər Şurasının sədri həbs edildi - korrupsiya qalmaqalı

09:20 / 03.06.2020
1481

İran xəbər agentlikləri Təbriz Şəhər Şurasının sədri Şəhram Dəbirinin rüşvət və korrupsiya dosyesi ilə əlaqədar nəzarət altına alındığını bildirir.

ILNA agentliyinin xəbərinə görə, “Şəhram Dəbiri Təbriz bələdiyyəsində korrupsiya dosyesi çərçivəsində, İslam İnqilabı Qvardiyasındakı (Sepah) İmam Zamanın adsız əsgərləri tərəfindən saxlanılıb.”

“İmam Zamanın adsız əsgərləri” İran mediasında təhlükəsizlik və kəşfiyyat qüvvələri üçün istifadə edilən bir ifadədir.

Təbriz Şəhər Şurasının sədri doktor Şəhram Dəbiri, eyni zamanda Təbrizin Vəliəsr Xəstəxanasının baş həkimi və Futzal üzrə İran çempionatında yarışan Dəbiri Futzal Kubununun sahibidir.

2016-cı ildən bəri gündəmdə olan Təbriz Bələdiyyəsi və Şəhər Şurasında korrupsiya dosyesi ilə əlaqədar Təbrizin sabiq meri Sadiq Nəcəfi, habelə onlarla bələdiyyə müavini, müdir və şəhər şurası üzvü saxlanılıb.

İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik qurumu keçən aprel ayında da Təbrizin 4-cü məntəqəsinin bələdiyyə başqanı Rza Paknəhad və 3 bələdiyyə müdirini nəzarət altına aldı.

Təbrizin hazırkı meri İrəc Şəhin-baher bir neçə həftə öncə rüşvət və korrupsiya xəbərlərinə işarə edərək, korrupsiyaya qarşı mücadilənin zəhmətli bir iş olduğunu ifadə etdi.

0
Amerikaninsesi.org