Corab ev, yeddi daş məbəd və orta əsrlərin aurası - FOTO

DÜNYA
00:01 / 23.06.2020
2551

Eyni adlı çayın üzərində yerləşən Nerexta şəhərinin adı ilk dəfə XIII əsrin salnamələrində çəkilir. XVIII əsrdən etibarən bura əhəmiyyətli ticarət və sənaye şəhəri olub.

 XIX-XX əsrlərin kiçik evləri, qədim ticarət sıraları, kilsələr – Nerexta hələ turistlər tərəfindən çox mənimsənilməyib, buna görə də küçələr və sahil boyunca, demək olar ki, təklikdə, sosial məsafəni asanlıqla gözləyərək gəzmək olar. Doğrudur, hələ ki, Kostroma vilayətində digər bölgələrdən gələnlər üçün məcburi iki həftəlik özünütəcrid rejimi var, lakin onu nə vaxtsa ləğv edəcəklər!

Qeyri-müasir mərkəz

Eyni adlı çayın üzərində yerləşən Nerexta şəhərinin adı ilk dəfə XIII əsrin salnamələrində çəkilir. Buradan Kostromaya qədər 40 kilometr yol var. XVIII əsrdən etibarən bura əhəmiyyətli ticarət və sənaye (kətan fabrikləri) şəhəri olub. Rəngli oymalı üzlüklərlə bəzədilmiş binalar vaxtilə zəngin sənətkarlar, tacirlər tərəfindən tikilib.

Nerextada Preobrajenskaya kilsəsi

Mərkəzdə, Azadlıq meydanında XIX əsrin daşdan tikilmiş ticarət və mehmanxana binaları yerləşir. Burada mağazalar da çox yaxşı qalıb.

Yaxınlıqda Kazan kilsəsinin 60 metrlik zəng qülləsi, ən yüksək bina yerləşir. Təzə çörəyin güclü ətrinə təəccüblənməyin. XVIII əsrin əvvəllərində I Pyotrun fərmanı ilə tikilmiş məbəd sovet dövründə çörək kombinatına verilib. Onun nə qübbələri, nə də interyeri qalıb. Yalnız XIX əsrin 40-cı illərində inşa edilmiş zəng qülləsi zərər görməyib.

Ticarət sıralarını keçsəniz, Nerextanın sahilinə çıxarsınız. Onun sahili hündür qamış cəngəlliyidir. Demək olar ki, hər bir evdən suya taxta səki uzanır. Orada isə ördəklər balaları ilə üzür. Burada hələ də nənələrin çayda paltarları necə yuduğunu görmək olar.

Boqoyavleniye kilsəsi Preobrajenskaya kilsəsi Preobrajenskaya kilsəsi  Troitse-Sıpanov monastırı 

Köhnə zamanların cazibəsi

Azadlıq meydanında uzadılmış forması və yuvarlaq künclərinə görə "corab ev" adlandırılan bina var. O, kətan ticarəti ilə məşğul olan Xvorinovlar tacir ailəsinə məxsus idi. 1798-ci ildə İmperator I Pavel öz oğulları ilə yolda olarkən bu evdə bir neçə günlüyünə qalıb.

Vladimirskaya kilsəsinin günbəzləri

Başqa bir qeyri-adi bina modern üslubda olan evdir. XX əsrdə burada aptek var idi, indi isə diyarşünaslıq muzeyi yerləşib.

Nerextalı Yelena Dyakonovaya həsr olunmuş ekspozisiyaya da nəzər salmağa dəyər. Zəngin bir tacirin qızı Yelena 11 yaşından bəri apardığı gündəliyində baş verən hadisələri təsvir edirdi. Qız məmnuniyyətlə yeni biliklər əldə edirdi, feminist hərəkatının tarixi ilə maraqlanırdı. Sorbonna Universitetinin hüquq fakültəsinə daxil olmuşdu və Rusiyada ilk qadın hüquqşünas ola bilərdi. Lakin o, 27 yaşında Avstriyada aydın olmayan şəraitdə həlak olub. O, yox olub və bir ay sonra onun qırıq ayaqları ilə çılpaq meyiti dağ çayı yaxınlığında tapılıb.

Nerextada küçə

Yelena Dyakonova vətənində dəfn edilib. Burada taxta ikimərtəbəli ev qalıb. Onu Dyakonovların yay bağının olduğu Yakuşovka kəndindən gətiriblər.

Məbədlər şəhəri

Qədim şəhəri yuxarıdan seyr etmək üçün Boqoyavleniye kilsəsini ziyarət edin. Turistlərə (olduqca dik və rahat olmayan pilləkənlə) zəng qülləsinə qalxmağa və yeddi zəngi çalmağa icazə verilir.

1767-ci ildə kilsəni Şustov qardaşlarının Yaroslavl arteli bəzəyib. Ustalar nəm suvağın üzərində rəsmlər çəkərək süjetlər arasında kəskin sərhədlər qoymadan, bütün divarları və tavanı freskalarla vahid bir kətan kimi örtüblər. Bu gözəlliyə uzun müddət seyr etmək olar.

Troitse-Sıpanov monastırının binası

Ümumiyyətlə, Nerextada I Pyotrun fərmanı ilə yerli tacirlərin vəsaiti ilə tikilmiş yeddi daş məbəd var. Onların hamısı 1930-cu illərdə qismən dağılıb, lakin 1980-90-cı illərdə bərpa edilib. Kilsələr olduqca yığcam yerləşir. Onlardan fəaliyyət göstərənləri də var.

Ən qədim məbəd XVII əsrin sonunda ucaldılmış Vladimirskaya kilsəsidir. İçəri daxil olmaq mümkün deyil – kilsə daş hasarla əhatə olunub, giriş bağlıdır.

Ördəklər çayda üzür, Nerexta

Mərkəzin yanında ikimərtəbəli Voskreseniye məbədi ucalır. Sovet illərində bu, yaşayış evi idi. Preobrajenskaya (İlinskaya) kilsəsi isə Moskva məbədlərinə bənzəyir.

Nerextadan bir kilometr aralıda, Troitsa qəsəbəsində XIV əsrdə əsası qoyulmuş Troitse-Sıpanov Paxomiyevo-Nerexta monastırı var. İndi bu, qadın monastırıdır. Burada XVII əsrin sonlarına aid Troitsa kilsəsi də yaxşı qorunub saxlanılıb.

Burada hər kəs üçün açıq olan Paxomiy Nerextinski bulağı və gözəl qızılgül bağçası da var.

QEYD: Məqalənin nəşri zamanı Kostroma bölgəsində yerli sakinlər üçün özünütəcrid rejimi ləğv edilib, indi açıq hava muzeylərinə, bəzi park və bağlara, kafe verandalarına baş çəkmək və otellərdə qalmaq olar.

0
Sputnik.az