İki məşhur qadını üz-üzə qoyan azərbaycanlı milyarder – Dosye

DÜNYA
20:34 / 03.07.2020
3645

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs biznes dünyasının ən məşhur simalarından biridir. Azərbaycan əsilli iş adamı Rza Zərrabdan danışırıq.

Rza Zərrab – Türkiyədə fəaliyyət göstərən Azərbaycan əsilli iş adamı, milyarder. İş adamının Türkiyə və İran vətəndaşlığı var. Türkiyədə fəaliyyət göstərən “Royal” Holdinqin sahibidir.

Barəsində rüşvət verməkdən tutmuş, “çirkli pul yumaq”a qədər ittihamlar irəli sürülən Rza Zərrabın adı bir çox cinayətlərdə hallanıb.

Təbriz-Dubay-İstanbul

Rza Zərrab 1983-cü il sentyabrın 12-də Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı ailəsində doğulub. Ailəsi Dubayda yaşayır. Türkiyəyə köçdükdən sonra adını Rza Sərraf olaraq dəyişdirib. Yəni türkləşdirib.

1996-cı ildə qurulan “Nafees Exchange” və “Al Salam Center Exchange” firmaları ilə Dubayda maliyyə birjalarında fəaliyyət göstərməyə başlayıb. İyirmi yaşlarında yaşadığı Türkiyədə mahnı sözləri yazaraq, İstanbulun musiqi bazarında da özünü göstərib. Türkiyədə yaşayan azərbaycanlı müğənni və keçmiş sevgilisi Güney Zeynalova (Azəriqızı Günel) üçün sevgi mahnıları yazaraq məşhurlaşıb.

Türkiyədəki biznes fəaliyyətlərinə 2008-ci ildə qurduğu “Royal” firması ilə başlayıb. Bundan sonra dəmir, polad və inşaat sektorlarına investisiyalar yatırıb. 2010-cu ildə qardaşı Məhəmməd Zərrabla (Can Sərraf) “Royal” Holdinqi qurub.

Ebru Gündəşlə tanışlıq

Musiqiyə olan marağı sayəsində tanış olduğu məşhur müğənni Ebru Gündəşlə 2010-cu ildə evlənib. Bu evlilikdən Alara adlı qızları dünyaya gəlib. Həyat yoldaşına aldığı bahalı hədiyyələrlə tez-tez medianın gündəmində müzakirə mövzusu olurdu.

Ebru Gündəş və Günel Zeynalova arasında milyarderin kimin sevgilisi olması barəsindəki qalmaqalları da, o dönəmdə Azərbaycan və Türkiyədə böyük maraqla izlənilirdi. Qeyd etdiyimiz kimi, bu rəqabətdən Ebru Gündəş qalib ayrılıb.

Dövlət mükafatı

“Royal” Holdinqin bir firması olan “Durak” valyuta firmasının sahibi olan Zərrab sürücüsü və köməkçisi Turqut Happaninin Atatürk Hava Limanında qaçaqmalçılıq ittihamı ilə həbs edilməsindən sonra “Safir Altın Ticaret Limited” adlı firmanı quraraq qızıl bazarında da özünü göstərib. “Safir Altın Ticaret” 2012-ci ildə Türkiyənin 12 milyon dollar həcmində ixracatının 46 faizini təkbaşına həyata keçirib.

2016-cı ildə ixracatdakı uğurlarına görə dövlət mükafatına layiq görülüb. Mükafatı ona Baş nazirin köməkçisi Numan Kurtulmuş və İqtisadiyyat naziri Nihat Zeybəkçi təqdim edib.

2013-cü ildə Daxili İşlər Nazirliyinin təlimatı ilə Türkiyə vətəndaşlığı alıb.

17 Dekabr əməliyyatı

Rza Zərrab 2013-cü il dekabrın 17-də üç nazir oğlu ilə birlikdə rüşvət və qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Məhkəmə dekabrın 21-də keçmiş Daxili İşlər naziri Muammər Gülərin oğlu Barış Gülər və iş adamı Zəfər Çağlayanın oğlu Kaan Çağlayanla birlikdə həbs edilməsinə qərar verib. 2014-cü il fevralın 28-də məhkəmənin qərarı ilə özü və həmin əməliyyatla həbs olunan digərləri sərbəst buraxılıb.

CIA ilə gizli təmas

2016-cı il martın 19-da ABŞ-ın Mayami şəhərində bank fırıldaqçılığı və “çirkli pul yumaq” ittihamları ilə yanaşı, Vaşinqtonun İrana qarşı sanksiyalarını pozmaq ittihamı ilə saxlanılıb, sonra məhkəmə tərəfindən 75 il azadlıqdan məhrum edilib.

Məhkəmə prosesində dönəmin Baş naziri, hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın qurduğu fonda 4.5 milyon dollar bağışladığı bildirilib. Azərbaycan əsilli iş adamı və Ərdoğan arasında yaxın əlaqələrin olduğu iddiası da, o dönəmdə irəli sürülmüşdü.

Həmin dövrdə türk mediası Rza Zərrabın ABŞ-a getməzdən əvvəl İstanbulda Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə təmas qurduğunu yazıb.

2
Teleqraf.com