"Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğundur”.
HİT.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha artılrlmasına ehtiyac var:
"Mərkəzi Bankın məlumatına görə, 2021-ci ildə ümumi kredit porfeli 17 milyard 119 milyon manat olub. Rəsmi statistikada diqqəti çəkən məqamlardan biri kredit portfelinin sahələr üzrə strukturu ilə bağlıdır. Belə ki, 8 milyard 607 milyon manat ev təsərrüfatlarına təqdim olunub. Bu ipoteka kreditləşməsi daxil olmaqla əsasən istehlak kreditləşməsidir. Ümumi kredit portfelinin yarıdan çoxu ev təsərrüfatları vasitəsi ilə istehlak kreditləşməsinə yönəldilib. İqtisadiyyat üçün vacib olan sənaye və istehsala isə cəmi 971 milyon manat kredit ayrılıb. Bu, ümumi kredit portfelinin cəmi 5.4 faizi deməkdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna isə il ərzində 591 milyon manat yönəldilib. Bu da ümumi kredit portfelinin 3.5 faizi deməkdir. Bu isə o deməkdir ki, kreditlərin cəmi 8.9 faizi sənaye və kənd təsərrüfatına yönəldilib”.
Deputat hesab edir ki, bank kreditlərinin hətta 10 faizi belə sözügedən iki vacib sahəyə təklif olunmayıb:
"Göründüyü kimi, istehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur. Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu da kredit götürənlərin daha çox borclanmasına səbəb olur. Bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi real sektorunun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorunun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağrışlar yaradır və bu da sektorun dayanıqlığı baxımdan arzuolunan deyil”.
"Azərbaycanda 2021-ci ilin yekunlarına görə ev təsərrüfatlarının kreditlərinin ÜDM-də payı cəmi 9 faizdən bir az artıq olub”.
Bunu isə iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, bu göstəriciyə əsasən, Azərbaycan hətta qonşu ölkələrdən xeyli geri qalır:
"Gürcüstanda bu göztərici 32 faizə yaxındır. Ermənistanda 29 faiz, Polşada 35,5, Almaniyada 58, ABŞ-da 79, Böyük Britaniyada isə 94 faiz təşkil edir.
Bu göstərici dolayısı ilə bir sıra məqamlardan xəbər verir.
İlk növbədə bu biznesin inkişafında olduğu kimi ev təsərrüfatlarının da tələbatının qarşılanmasına bankların məhdud töhfə verdiyinin göstəricisidir.
İkinci bir tərəfdən, bank sektorunun kredit resurslarının bahalığı, şərtlərinin ağırlığı və sərfəli olmaması da bu mənzərənin yaranmasına səbəb olub.
Eyni zamanda, ev təsərrüfatları gəlir imkanları, rəsmi gəlir mənbələrinin məhdudluğu səbəbindən banklar üçün riskli müştəri seqmenti rolunda çıxış edirlər”.