İvanovka kəndi bütün ölkəni ağartı məhsulları ilə təmin edə bilərmi?

İQTİSADİYYAT
17:30 / 23.11.2023
740

Bakıdakı əksər iri ərzaq mağazalarında, eləcə də bütün bazarlarda “İvanovka məhsulları” adı altında satış həyata keçirilir.

 “İvanovka malları” kimi təqdim edilən yağ, pendir, xama, qaymaq, süd, qatıq və sair ağartı məhsullarına alıcıların müsbət yanaşdığı heç kimə sirr deyil. 

Böyük əksəriyyət bu qidaların İsmayıllı rayonunun molokanlar yaşayan məşhur İvanovka kəndindən gətirildiyini düşünərək, onları keyfiyyətli və qatqısız ağartı məhsulları kimi almağa tərəddüd etmir.

Amma əslində, “İvanovka” brendi altında süfrələrimizi bəzəyən bu məhsullar saxtadır. Yəni İvanovkadakı Nikitin adına balaca bir kolxoz hər gün min tonlarla ağartı məhsullarını necə istehsal edə bilir ki, Bakı və digər şəhərlərdə, hətta rayonlarda belə, bütün ticarət obyektlərinə çatdırsın?

Azad İstehlakçılar İctimai Birliyinin (AİB) sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, bu gün mağazalarda satılan, üzərində İvanovka adı yazılan yağ, pendir, şor və bu kimi məhsulların hamısı saxtadır. İşbazlar əhalinin Sovet illərindən İvanovka məhsullarına olan marağından istifadə edir: 

338445

“10 ildən çoxdur ölkədə saxta "İvanovka” adı altında satılan məhsullar və onun istehsalçıları ilə mübarizə aparırıq. Bu məhsulların İvanovka kəndinə heç bir aidiyyəti yoxdur. İvanovka kəndində yerləşən Nikitin kolxozunun sədri və İsmayıllı rayonunun keçmiş başçısı ilə bu barədə dəfələrlə danışmışam. Bu danışıqlar zamanı məlum olub ki, "İvanovka” adı altında saxta məhsullar hazırlayıb satan iki MMC Nikitin kolxozu ilə saxta müqavilə imzalayıb. Müqavilədə göstərilir ki, guya həmin MMC-lər kolxozdan süd məhsulları alır. Ancaq apardığımız tədqiqatlar göstərib ki, həmin saxta məhsulları hazırlayan firmalar kolxozdan heç bir süd məhsulu almır, imzalanmış müqavilə də saxtadır. Bakı ətrafında yerləşən bu iki MMC-nin illərdir satışa çıxardığı məhsulların İvanovkla kəndinə heç bir aidiyyəti yoxdur. Bununla bağlı dəfələrlə İqtisadiyyat Nazirliyinə müraciət edilib. Bakıda hazırda saxta İvanovka məhsullarının satışını həyata keçirən 20 obyekt fəaliyyət göstərir. Cəmi 3 mağaza var ki, həqiqətən də İvanovka məhsullarının satışını həyata keçirir. O mağazalar da Sovet illərindən fəaliyyət göstərən mağazalardır”.

Sevinc

0