Taksilərdə gediş haqqının bahalaşmasının hansı təsirləri olacaq? - RƏY 

İQTİSADİYYAT
10:28 / 20.05.2024
351

Son günlərdə taksilərdə gediş haqqının artılacağı ilə bağlı iddialar yayılmaqdadır. 

Belə ki, iyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqının 4 manat 50 qəpik olacağı deyilir. Hətta artıq taksi sürücülərinə bununla bağlı mesaj göndərildiyi də bildirilir. Düzdür, bəzi taksi sürücüləri bunu təsdiqləyir, bəziləri isə inkar edir. Lakin hazırkı gedişat növbəti aydan etibarən taksilərdə gediş haqqının artacağını deməyə əsas verir. 

Bəs bunun hansı mənfi təsirləri olacaq? 

İqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlamasında xatırladıb ki, taksilərdə minimal gediş haqqının artırılması ilə bağlı qayda daha öncə də tətbiq olunmuşdu:

350715

"Bir müddət öncə taksilərdə gediş haaqı 2 manat 50 qəpiyə qaldırılmışdı.  O zaman taksi şirkətlərinin hamısı birdən-birə eyni gündə gediş haqqını artırmışdılar. Əslində bu, "kartel sövdələşməsi" idi. Bu isə qanunla qadağandır. Amma buna göz yumuldu. 

Hesab edilirdi ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mövqeyidir. Çünki nazirlik rəsmiləri tərəfindən dəfələrlə taksilərdə gediş haqqının artırılmasının zəruriliyi barədə açıqlamalar verilmişdi. Görünən odur ki, bu, addım-addım həyata keçirildi".

Ekspert hesab edir ki, taksilərdə gediş haqlarının artması sürücülərin əksəriyyətinin işsiz qalması ilə nəticələnəcək:

"Təbii ki, taksi qiymətləri bahalaşdıqca ondan istifadə edən sərnişinlərin sayı və onların gördüyü fayda azalır. Eyni zamanda, sürücülərin də qazancı azalır və onların xeyli hissəsi işsiz qalır. Ümumilikdə isə sektor kiçilir". 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, taksi sektorunun kiçilməsi başqa sektorlara da mənfi təsir göstərəcək:

"Nəzərə almaq lazımdır ki, taksi xidmətinin də daxil olduğu nəqliyyat sektoru digər sektorların tərkib hissəsi ola bilir. Nəqliyyat sektoru başqa sektorların iqtisadi fəaliyyətlərini həyata keçirə bilmələri üçün zəruri halqa rolunu oynayır. Yəni nəqliyyat sektorunda yaranan məhdudiyyətlər və kiçilmələr digər sektorlara da iqtisadi cəhətdən mənfi təsir göstərir. 

Hətta deyərdim ki, bu zərər nəqliyyat sektoruna dəyən zərərdən bir neçə dəfə böyük olur. Düşünürəm ki, taksilərdə minimum gediş haqqının bu səviyyədə artırılması iqtisadiyyat üçün zərərlidir və işsizliyin artmasına səbəb ola bilər". 

Pərviz

0