Supermarketlərdə meyvə-tərəvəz niyə daha bahadır?

İQTİSADİYYAT
11:02 / 10.07.2024
305

"Supermarketlər və bazarlarda satılan meyvə-tərəvəzin qiyməti bir-birindən fərqlənir". 

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, qiymət fərqi təkcə Bakı ilə rayonlar arasında olmur:

"Bakının özündə belə qiymət fərqi var. Bəzi bölgələrdə isə qiymətlər paytaxtdan daha baha olur. Məsələn, Qubanın və Qəbələnin bazarında meyvə-tərəvəz qiymətləri Bakıdan da bahadır". 

353841

Ekspert Bakıdakı supermarketlərdə satılan meyvə-tərəvəzlərin baha olmasının səbəblərini izah edib:

"Paytaxtdakı supermarketlər tədarük mərkəzləri ilə işləməyə üstünlük verirlər. Yəni onlar üçün bir tədarükatçıdan malı almaq daha maraqlıdır. Hansısa sahəyə gedib fermadan məhsul almaq isə supermarketlərə sərf etmir. Bu səbəbdən də qiymətlər daha baha olur. Çünki əlavə dəyər yaranır".

Xalid Kərimli həmin əlavə dəyərlərdən də bəhs edib:

"Burada məhsulun toplama və daşıma xərci ilə yanaşı tədarükat məntəqəsinin mənfəəti var. Həmçinin, işçilik xərcləri və vergi də ortaya çıxır. Bundan başqa, meyvə-tərəvəzin xarab olma riski olduğu üçün onları saxlamaq çətindir. Bu isə öz növbəsində qiyməti artırır. 

Onu da qeyd edim ki, supermarketlərdəki piştaxtanın hər birinin öz qiyməti var. Sahibkar oradan qazanc götürməyə çalışır. Supermarketlər həm də komfortludur. Çünki günün istənilən saat gedib oradan hər hansısa məhsulu satın almaq mümkündür. Əlbəttə ki, bunların hər biri qiymətləri artıran faktordur".

Pərviz

1