Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrləri haqqında qərarını şərh edib.
O, İqtisadiyyat.az-a açıqlamasında ölkədə qiymət artımı prosesinin getdiyini, Tarif Şurasının son qərarlarından sonra bu prosesin daha da sürtələndiyini xatırladıb.
Ekspert bildirib ki, AMB-nin uçot dərəcəsi onsuz da qiymət artımına təsir edə bilmir: "Çünki Azərbaycanda inflyasiyanın mahiyyəti monetar deyil. Qiymət artımı daha çox dövlətin tənzimlənən qiymətləri artırmasından və xaricdən daxil olan malların öz ilkin qiymətindən asılıdır. Ölkədə satılan malların çoxunun mənşəyi xaricdir. Yəni onların qiyməti Azərbaycanda müəyyən olunmur, xarici qiymətlərdir. Buna görə də Mərkəzi Bank qiymətlərə təsir edə bilmir".
Ə.Həsənov söyləyib ki, bu səbəbdən uçot dərəcəsinin bir qədər azaldılması, artırılması, yaxud da elə olduğu kimi də saxlanılmasının fərqi yoxdur: "Çünki bizdə uçot dərəcəsi bu məsələlərə onsuz da ciddi təsir etmir. Bizdə onun əhəmiyyəti normal bazar iqtisadiyyatına malik olan ölkələrdəki kimi deyil".
İqtisadçı həmçinin ölkədə dollara tələbin hansı səviyyədə olmasından, eləcə də inflyasiya ilə bağlı gözləntilərdən də danışıb: “Dollara tələbatın artmasına gəldikdə isə deyə bilərəm ki, hazırda bu, o qədər də hiss olunmur. Yaxın bir il ərzində isə böyük ehtimalla ölkədə devalvasiya da gözlənilmir. Sonra baş verməsi ehtimalı isə çoxdur”.
Qeyd edək ki, bu gün Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub. Ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də hədəf diapazonunun (4±2%) aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin iyun ayında 12 aylıq inflyasiya 1.1%, baza inflyasiya isə 0.8% təşkil edib. İllik ərzaq inflyasiyası 0.2%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.4% olub. Qeyd edilib ki, ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Yenilənmiş proqnozlara görə mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5.4%, 2025-ci illdə isə 5.5% olacağı gözlənilir. İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər. Uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır.