Sələmçilik qanuni formaya salınarsa, həm onların vergidən yayınmasının qarşısını alar...

İQTİSADİYYAT
20:42 / 15.08.2024
365

Bank və bank olmayan kredit təşkilatından kredit götürə bilməyənlər üz tutur sələmçilərə. 

Sələm kredit müqaviləsinin qeyri-rəsmi formasıdır. 

Biri var kiməsə borc verəsən, biri də var kredit.

Söhbət kreditdən gedirsə, bu, qanunvericiliklə, Mülki Məcəllənin müəyyən maddələri ilə nəzərdə tutulur.

Sələm verən şəxslər isə heç bir hüquqi normaları nəzərə almırlar.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki,  sələmçilik fəaliyyətini tənzimləyən heç bir qurum və hüquqi sənəd yoxdur: 

“Adətən, sələmçi ilə sələm götürən arasında notarial qaydada borc müqaviləsi bağlanır, sonradan ödəmə gecikəndə və yaxud digər hallarda narazılıq ya polis vasitəsilə, ya da məhkəmə qaydasında həllini tapır. Dövlət iki insan arasında bağlanan borc müqaviləsinə müdaxilə edə bilmir. Çünki müqavilə ilə verilən borcun sələm olub-olmadığı bilinmir. Sələmçiliyin digər zərərli tərəfi bu cür borcların yüksək faiz müqabilində verilməsidir. Kredit verən maliyyə təşkilatları illik 15-36 faizlə borc verdiyi halda sələmçilər borcu illik 60-120 faizlə ayırır. Buna görə də sələmçilərin fəaliyyətinin ya qadağan edilməsi, ya da lisenziyalaşdırılması aktual məsələ kimi qalır. Sələmçilik, qanuni formaya salınarsa, həm onların vergidən yayınmasının qarşısını alar, həm də hər hansı mübahisənin sivil müstəvidə çözülməsi və dövlətin müdaxiləsi üçün əsas olar”.

Sevinc

0