"Qarabağ” bizim üçün ağır rəqib olacaq” – “Makkabi”nin baş məşqçisi

İDMAN
23:08 / 02.10.2020
1114

"Düşdüyümüz qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Avropa Liqasının püşkatmasını dəyərləndirən İsrail klubu “Makkabi”nin (Təl-Əviv) baş məşqçisi Georqos Donis deyib.

Təl-Əviv təmsilçisi İ qrupunda “Vilyarreal” (İspaniya), “Qarabağ” (Azərbaycan) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq. Klubun rəsmi saytına açıqlamasında fikirlərini bölüşən Donis “Vilyarreal”ı qrupun favoriti hesab edir:

“Qrupun güclü olub-olmadığını deməməyi üstün tuturam. Mənim üçün 20 günlük hazırlıq və hər oyunda mübarizə apardıqdan sonra komandanı yaxşı vəziyyətə gətirmək daha vacibdir. “Vilyarreal” favorit sayılsa da, digər iki komanda da yüksək keyfiyyətə malikdir”.

Çalışdırıcı Azərbaycan çempionunu təcrübəli komanda adlandırıb:

“Qarabağ”ın Avropa arenasında böyük təcrübəsi var. Çempionlar Liqasının qrup mərhələsində də iştirak edib, bizim üçün ağır rəqib olacaq. “Sivasspor” da Türkiyə çempionatında mübarizə aparan yaxşı komandadır. Onların Super Liqada 5-ci yeri tutmaları çox şeydən xəbər verir”.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə oktyabrın 22-də start veriləcək.

0