Çinin Siçuan əyalətində aparılan arxeoloji qazıntılar zamanı təxminən 3 min il əvvələ aid qeyri-adi silah aşkarlanıb. Araşdırmalar onun Yer mənşəli olmayan, meteorit dəmirindən hazırlandığını göstərib.
HİT.az xəbər verir ki, tapıntı uzunluğu təxminən 20 santimetr olan balta formalı artefaktdır. O, qədim Sansinduy mədəniyyətinə aid ərazidə çuxurun cənub divarına şaquli şəkildə yerləşdirilmiş vəziyyətdə tapılıb və ətrafındakı torpaqla birlikdə laboratoriyaya aparılıb.
“Archaeological Research in Asia” jurnalında dərc olunan araşdırmaya əsasən, artefaktın tərkibinin təxminən 90 faizini dəmir təşkil edir. Onun tərkibində yüksək miqdarda nikel və müxtəlif mikroelementlər də müəyyən olunub. Metalın strukturunun və nikelin paylanmasının təhlili onun meteorit mənşəli olduğunu göstərib.
Alimlər bildirirlər ki, həmin dövrdə Sansinduy mədəniyyətində əsasən bürüncdən istifadə olunurdu. Dəmir filizinin əridilməsi və emalı isə Çində yalnız təxminən e.ə. 800-cü ildən geniş yayılmağa başlayıb. Buna görə də həmin dövrün texnologiyası ilə bu cür dəmirin hazırlanması mümkün görünmür.
Tədqiqatçılar həmçinin metalın dənəvər quruluşunun onun çox yavaş soyuduğunu göstərdiyini qeyd edirlər. Bu xüsusiyyət kosmosda formalaşan meteorit dəmirinin quruluşuna uyğun gəlir.
Siçuan Universitetindən Hayçao Linin rəhbərlik etdiyi araşdırma qrupu tapıntını Çinin cənub-qərbində Tunc dövrünə aid meteorit dəmirindən hazırlanmış ən qədim artefakt kimi qiymətləndirib. Alimlərin fikrincə, kəşf bölgədə dəmirdən ilkin istifadə ilə bağlı mühüm məlumatlar verir və qədim insanların kosmosdan gələn materiallardan necə yararlandığını öyrənmək baxımından əhəmiyyətlidir.
Samir


