Alimlər Ayın səthində diametri təxminən 222 metr, dərinliyi isə 43 metr olan nəhəng yeni krater aşkar ediblər. Tədqiqatçılar hesab edirlər ki, krater təxminən altımərtəbəli bina ölçüsündə olan asteroid və ya kometa parçasının Ayla toqquşması nəticəsində yaranıb.
HİT.az xəbər verir ki, yeni krater Ayın şərq kənarında 11 aprel və 22 may 2024-cü il tarixləri arasında formalaşıb. Tədqiqatçıların hesablamalarına görə, belə miqyasda toqquşmalar Ayda orta hesabla 132 ildə bir dəfə baş verə bilər.
Krater NASA-nın “Lunar Reconnaissance Orbiter” (LRO) kosmik aparatı tərəfindən çəkilən görüntülərin araşdırılması zamanı müəyyənləşdirilib. Alim Robert Vaqner 2024-cü ilin mayında Ayın geniş xəritəsini incələyərkən ətrafı qaranlıq halə ilə əhatələnmiş qeyri-adi parlaq ləkə görüb. Sonrakı araşdırmalar bunun güclü toqquşmanın izləri olduğunu göstərib.
Kraterin ölçüsünün əvvəlki rekord göstəricidən təxminən üç dəfə böyük olduğu bildirilir. Alimlər ona Ay və Planetlər İnstitutunun keçmiş direktoru Tomas Makqetçinin adını veriblər.
Araşdırmanın nəticələri toqquşmanın təsirlərinin yalnız kraterlə məhdudlaşmadığını da ortaya çıxarıb. Alimlər kraterin ətrafında təxminən 6,4 kilometr genişliyində daha soyuq ərazi aşkarlayıblar. Bunun zərbə nəticəsində Ayın üst qatındakı süxur, toz və torpağın boşalması ilə əlaqəli olduğu düşünülür.
Tədqiqatçılar bildirirlər ki, zərbə nəticəsində yaranan dağıntılar 100 kilometrdən çox ərazini silkələyib. Bu məlumatlar Ay səthinin kosmik cisimlərin zərbələrindən düşünüldüyündən daha geniş miqyasda dəyişə bildiyini göstərir.
Alimlərin fikrincə, yeni kəşf gələcək Ay missiyaları baxımından da əhəmiyyətlidir. NASA-nın Ayın cənub qütbündə astronavt bazası yaratmaq planları fonunda mütəxəssislər belə toqquşmalar zamanı havaya atılan süxur və tozların gələcək Ay bazasına çata biləcəyi ehtimalını da araşdırmaq niyyətindədirlər.
Samir


