Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunov və Murad Məmmədovun “Qalatasaray”la bağlı arzularına İstanbul klubu biganə qalmayıb. “Qafqazinfo” xəbər verir ki, “Qalatasaray”ın növbəti matçlarının birində Muradın şəhid olmamışdan öncə dediyi son sözləri səsləndiriləcək.
Bu barədə jurnalist Gündüz Abbaszadə "Facebook"hesabında məlumat verib. O bildirib ki, klub prezidentinin köməkçisi Yusuf Günay Qarabağın azad olunması uğrunda canlarından keçən şəhidlərin xatirəsinin klub tərəfindən yad ediləcəyini açıqlayıb.
Klub rəsmisi qeyd edib ki, “Qalatasaray” meydana üzərində Fərid yazılmış formalarla çıxacaq. Həmçinin Fərid və Muradın ailələri “Qalatasaray”ın oyunlarına dəvət ediləcək.
Qeyd edək ki, Fərid Dursunov şəhid olmazdan öncə dostlarına deyib ki, “əgər şəhid olsam, məzarımın üzərində Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray”ın da bayrağı dalğalansın”.
Şəhid Murad Məmmədov isə son səs yazısında ““Qalatasaray” sevgisi mənimlə birlikdə məzara gedəcək” deyə bildirmişdi.