Lotereya oyunlarında şəffaflıq necə təmin olunur? - VİDEO

12:21 / 14.07.2022
1185

Azərbaycanda lotereya oyunlarının təşkili və keçirilməsi qaydaları “Lotereyalar haqqında” qanunla tənzimlənir. Adıçəkilən qanun 2004-cü ildə qəbul edilsə də, ötən il ona bir sıra əlavə və dəyişikliklər edilib. Həmin dəyişikliklərin bir qismi məhz lotereya oyunlarının keçirilməsində şəffaflığın təmin olunması ilə bağlıdır. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bizimlə söhbətində xatırlatdı ki, “Lotereyalar haqqında” qanuna sonuncu dəfə 2021-ci ilin dekabrında dəyişiklik edilib və bundan sonra oyunların şəffaf şəkildə təşkil edilməsi və keçirilməsi ilə bağlı tələblər təkmilləşdirilib.

İqtisadçı-ekspert Xalid Kərimlinin fikrincə, dövlət şirkəti olan “Azərlotereya”nın Türkiyənin tanınmış özəl şirkətinə idarəetməyə verilməsindən sonra bu sahədə peşəkar menecment işi tətbiq olunur. Qurum öz gəlirləri, xərcləri barəsində qanuna müfaviq olaraq ictimaiyyəti məlumatlandırmalıdır.

Azərbaycanda lotereyaların təşkili və keçirilməsi “Lotereyalar haqqında” qanunla və həmin qanun əsasında qəbul edilmiş qaydalar, habelə “Azərlotereya”nın daxili siyasəti və prosedur sənədləri əsasında tənzimlənir. Qanunla müəyyən edilən zəruri şərtlər Qaydalarda ətraflı şəkildə açıqlanır və “Azərlotereya”nın daxili sənədləri ilə şirkətin fəaliyyəti qanunvericiliyin tələblərinə tam uyğunlaşdırılır.

“Azərlotereya”dan bildirildi ki, lotereyaların keçirilməsində bütün prosesə yüksək təhlükəsizlik qaydaları çərçivəsində nəzarət edilir. Qurumun əsas strategiyası lotereyaların təşkilində şəffaflığın qorunmasını təmin etməkdir. Bu sahədə “Azərlotereya” beynəlxalq təcrübəni əsas götürərək 1974-cü ildən dünyada ilk təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınan "Scientific Games"lə əməkdaşlıq edir. Şirkət hər qitədə təxminən 130 lotereya təşkilatının etibarlı biznes tərəfdaşıdır. Həmin tərəfdaşlardan biri kimi “Azərlotereya”nın da bütün ani lotereya biletləri Böyük Britaniyada "Scientific Games"də dizayn və çap edilir.

Qeyd edək ki, satışa çıxarılmış ani lotereyalara dair məlumatlar, o cümlədən uduş fondunun məbləği, uduş fondunun tərkibi, hər bir uduşun sayı və məbləği, vergi çıxılandan sonra ödənilən məbləğlər, satışa buraxılmış biletlərin ümumi sayı, uduşlu biletlərin sayı və digər məlumatlar “Azərlotereya”nın rəsmi saytında və hər bir lotereya biletinin arxa hissəsində qeyd edilir.

0