Şənbə günü karantin rejiminin kobud şəkildə pozulduğu Mustafa Ceceli konsertinin təşkilatçısı və keçirildiyi “İstanbul Meyhane Bilgah” restoranı bu dəfə Bakıya Alişanı gətirir.
Bu barədə əyləncə mərkəzinin instaqram səhifəsində məlumat verilib. Bildirilib ki, sənətçi 19 iyunda sözügedən restoranda tamaşaçı qarşısına çıxacaq.
Bir neçə gündür sosial şəbəkələrdə müzakirə olunan Cecelinin musiqili gecəsində baş verən qayda pozuntularının Alişan konsertində də olacağı istisna edilmir.
Elə həftəsonundan etibarən gündəmi zəbt edən mövzu barədə Daxili İşlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlama yayıb.
DİN bildirib ki, Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə “İstanbul Meyhane Bilgah” restoranının sahibi cəzalandırılıb. Belə ki, obyektin sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə olunub.
Operativ Qərargahın yaydığı məlumatda isə restoran sahiblərinə xəbərdarlıq olunub: “Bir neçə restoran xarici ölkələrdən müğənniləri dəvət edərək kütləvi tədbir keçirməklə və yeni konsertlər təşkil olunacağı haqda məlumatlar yaymaqla xüsusi karantin rejiminin qaydalarını nümayişkəranə halda pozmuş, vətəndaşların kütləvi yoluxması üçün təhlükəli şərait yaradıb”.
Hər iki qurumun açıqlamasından sonra “İstanbul Meyhane Bilgah”ın instaqram səhifəsində Alişanın afişası silinib. Eyni zamanda, onlar şənbə günü paylaşdıqları Mustafa Cecelinin konsert görüntülərini də səhifələrindən pozublar.
Lakin sözügedən restoranın feysbuk səhifəsində nəinki Alişan, hətta bir çox Türkiyənin populyar simalarının Bakıya gələcəyi qeyd olunub. Bildirilib ki, İrem Derici, Cem Belevi, Alişan, Rafet El Roman, Buray və digərləri iyun-iyul ayları ərzində paytaxtda konsert verəcək.
Rəsmi qurumların xəbərdarlıqlarından sonra həmin restoranda konsertlərin baş tutub-tutmayacağı isə sual altındadır.