Əl və ayaq tərləməsinin səbəbi nədir? - Həkim AÇIQLADI

MARAQLI
15:08 / 27.07.2023
6810

Bəzi insanlarda tez-tez əl və ayaq tərləməsi baş verir.

Xüsusilə stressli və həyəcanlı zamanlarda bu, özünü daha çox biruzə verir. Tərləmək insan üçün təbii hal olsa da, həddindən artıq baş verən tərləmə müəyyən problemlərdən xəbər verir. Əlbəttə ki, əllərdə və ayaqlarda meydana gələn kəskin tərləmə insanı olduqca narahat edir. Həmçinin, fərdin diskomfort hiss etməyinə səbəb olur. 

Maraqlıdır, əl və ayaq tərləmələrinə səbəb nədir? Bu problemdən necə xilas olmaq mümkündür?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, əl və ayaq tərləmələrinin əsas səbəbi sinir sisteminə bağlı olan məsələdir:

330756

"Sinir sistemi daha gərgin olan şəxslərdə əl və ayaqlarda tərləmə müşahidə edilir. Buna daha çox gənclərdə rast gəlinir. Yaş artdıqca sinir sistemində baş verən müəyyən dəyişikliklər nəticəsində artıq tərləmə yaşanmır. Amma bəzən bu patoloji hal kimi yaş artıqca da baş verə bilər. Əgər şəxs gərgin və həyəcanlıdırsa, onda əl və ayaq tərləmələri müşahidə olunur. Amma ümumi olaraq, cavan şəxslərdə bunun yaşanması normal hesab edilə bilər".

Həkim bu problemdən xilas olmağın yollarından da bəhs edib:

"Həm kimyəvi, həm də bitki tərkibli sakitləşdirici dərmanlardan istifadə etmək olar. Amma buna görə dərman qəbul etməyin vacib olmadığını düşünürəm. Çünki bu sadəcə bir az narahatlıq və diskomfort yaradan bir şeydir. Yəni əl və ayaq tərləməsinin başqa təsirləri yoxdur. Buna görə də dərman qəbul etmək lazım deyil. Lakin sakitləşdirici psixoterapiya metodları və autotreyninqlərdən istifadə etmək olar. Bu yolla sinir sistemini sakitləşdirmək və sözügedən simptomları azaltmaq mümkündür".

Pərviz

0