"Qadınlar da yoldaşlarını xəyanətə görə öldürsəydi, Azərbaycanda kişi qalmazdı"

MARAQLI
16:21 / 28.09.2023
410

Qadınların həyat yoldaşları tərəfindən öldürülməsi halları artıq cəmiyyət üçün adiləşib. Xəyanət edən qadının əri tərəfindən amansızcasına öldürülməsi halında belə ona haqq qazandıranlar çoxluq təşkil edir. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, əgər qadın xəyanət edirsə, onu cəzalandırmağın həll yolu yalnız öldürməkdir. Bir şəxsin həyatına namus və qeyrət üstündə son qoyduğunu deyənlər özlərinə bu yolla bəraət qazandırır. Çünki həmin cinayətkarlar da yaxşı bilir ki, cəmiyyətin böyük hissəsi namus və qeyrət üstündə olan cinayətləri haqsız hesab etmir, əksinə, az qala onu qəhrəman elan edirlər. Amma heç bir aəbəb bir insan canına qıymağa əsas vermir.

Psixoloq Gülnar Orucova Hit.az-a açıqlamasında bildirib ki, artıq insanlar üzülməli olan hadisələri adi qəbul edir:

"Son dövrlərdə sosial şəbəkələrdə ölüm hallarının qəbul edilməsi sıradanlaşıb. İnsanlar üzülməli olan şeyləri adi qəbul edir, narahat olmur. Biri xəyanətə görə yoldaşını öldürəndə deyir, yaxşı elədin. İnsanlar elə düşünür ki, kimsə həyat yoldaşına xəyanət edirsə, onu öldürmək lazımdır. O zaman qadınlar da öz həyat yoldaşları xəyanət etdiyinə görə öldürsəydilər, heç kişi qalmazdı ki. Azərbaycan ancaq xanımlardan ibarət olardı. Belə çıxır da. Bu gün xəyanət üstündə adam öldürmək absurddur. Çünki xəyanət etmədən öncə bu ailədə nələrsə baş verir. Artıq iki insanın arasında münasibət pisləşir, sevgi qalmır, münasibətdə əvvəlki kimi hörmət olmur. O proseslərdən sonra xəyanət başlayır. Xəyanət heçnədən olmur. Bəlkə də, qadın ayrılmaq istəyir, amma ayrıla bilmir. Çünki bizdə bu var ki, ayrıla bilməzsən, övladların var, gəlinliklə çıxmısansa, kəfənlə qayıtmalısan. Bu kimi nüanslar ya intihara, ya da xəyanətə gətirib çıxarır". 

O deyib ki, əgər ortada xəyanət varsa, çıxış yolu cinayət yox, boşanmaq olmalıdır: 

"Xəyanət edən qadını kiminsə öldürməyə haqqı yoxdur. Kimsə ona can verməyib ki, ondan da o canı ala. Dində belə deyilir ki, yoldaşın sənə xəyanət edibsə, yatağını ayır, cəzalandır, yenə edirsə, ayrıl. Amma kimsə xəyanət üstündə kimisə öldürəndə cəmiyyət deyir ki, yaxşı elədi. İnsan ölümü adi hal alıb. İctimai qınağa çəkmək əvəzinə, deyirlər ki, yaxşı edib. Əgər qadın və ya kişi xəyanət edirsə, qarşı tərəf ayrılsın. Öldürməyə heç kimin haqqı çatmır. Elə insanlara bəraət qazandırmayın. Boşanmağın özü mədəniyyətdir. Ən azından ailəndə böyütdüyün uşaqlar şiddəti görmür, cəmiyyətə şiddət daşımır, travma yaşamır. Sən xəyanətə qədər gedib rüsvay olmursan. Əgər alınmırsa, yollarınızı ayırın. Sonra deyirlər ki, psixoloq boşanmağa çağırır. Psixoloq deyir ki, aranızda sevgi, hörmət bitibsə, davam etməyin də mənası yoxdur".

  1. Aynur Əli
0