Kofenin hansı faydaları var? - Mütəxəssis AÇIQLADI

MARAQLI
17:06 / 21.11.2023
934

"Kofedən düzgün şəkildə istifadə olunsa onun faydalarından yararlana bilərsiniz". 

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, kofenin tərkibindəki kafein insanın enerjili və gümrah hiss etməsinə səbəb olur:

"Kofenin faydalarından yararlanmaq üçün onu mütləq yeməkdən 30-40 dəqiqə sonra içmək tövsiyə olunur. Kofe antioksidant tərkibli olduğuna görə qocalmağı və yaşlanmağı da gecikdirir. Eyni zamanda, onun tərkibində olan polifenol maddəsi qırmızı şərabda olduğu kimi insanın əhval-ruhiyyəsini və enerjisini artırır. Bütün bu faydalardan yararlanmaq üçün mütləq şəkildə təmiz, keyfiyyətli və qatqısız kofedən istifadə etmək lazımdır".

338300

Mütəxəssis qeyd edib ki, kofenin tərkibindəki antioksidant xərçəng xəstəliyinə yoluxma riskini də azaldır:

"Eyni zamanda, tərkibindəki kofein ürək-damar və sinir sistemini oyandırır. Buna görə də zehni, əqli işlə məşğul olan insanlar kofe qəbul etdikdən sonra daha gümrah olurlar. Gərgin şəraitdə çalışan insanlar mütəmadi olaraq kofedən istifadə edir. Ancaq gün ərzində 200 milliqramı keçməmək şərtilə qəbul etmək lazımdır. Əks halda, kofe bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər". 

Ekspert kofenin arıqlamağa da səbəb olduğunu diqqətə çatdırıb:

"Mütəmadi olaraq kofe içən insanlar iştahı azaldığı üçün daha az qida qəbul edirlər. Belə olan halda isə daha rahat çəki ata bilirlər. Ona görə də az çəkili və ya çəkisi normada olan insanların gün ərzində sadəcə 1 fincan kofe içməsi məqsədəuyğundur. Bu da 100-150 qram şəklində hesablanır".

Pərviz

0