Bu it cinsləri insanlara hücum etmə ehtimalı ən yüksəkdir - Statistika nə deyir?

MARAQLI
23:51 / 28.07.2026
42

Heç bir it cinsi aqressiv doğulmur. Bununla belə, bəzi cinslər ovçuluq, mühafizə və xidmət məqsədilə yetişdirildiyi üçün düzgün tərbiyə və sosiallaşma olmadıqda daha təhlükəli ola bilər. 

HİT.az xəbər verir ki, ABŞ-ın "Hacker Murphy" şirkətinin mütəxəssisləri polis hesabatları və məhkəmə işlərini təhlil edərək insanlara hücum hallarında ən çox adı hallanan it cinslərini müəyyən ediblər.

Araşdırmada qeyd olunur ki, siyahı polis və məhkəmə sənədlərində adı ən çox çəkilən cinslər əsasında hazırlanıb. Mütəxəssislər vurğulayırlar ki, populyar it cinsləri daha çox saxlanıldığı üçün statistikada da daha çox görünə bilər. Buna görə də nəticələr həmin cinslərin mütləq daha aqressiv olduğunu deyil, məsuliyyətsiz saxlanıldıqda daha çox insidentdə iştirak etdiyini göstərir.

Ən çox hücum hallarında adı keçən it cinsləri

"Pitbull"

"Amerikan pitbull teryeri" uzun illərdir bu tip statistikaların ilk sırasında yer alır. Müxtəlif araşdırmalara görə, ABŞ və bir sıra digər ölkələrdə ölümcül hücumların böyük hissəsi pitbull tipli itlərlə əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, bunun səbəbi yalnız güclü çənə və əzələ quruluşu deyil. Bu cinsdən olan itlər bəzən düzgün tərbiyə olunmur və ya qəsdən aqressiv davranışa öyrədilir. Düzgün təlim keçmiş pitbullar isə sadiq və mehriban ola bilirlər.

Rotveyler

Rotveylerlər güclü mühafizə instinkti və iri bədən quruluşu ilə seçilir. Çəkiləri 45 kiloqramdan artıq ola bildiyi üçün dişləmələri ciddi xəsarətlərə səbəb ola bilər. Hücumların əksəriyyəti itin kifayət qədər sosiallaşdırılmaması və ya yad şəxsi təhlükə hesab etməsi ilə əlaqələndirilir.

Alman çoban iti

Alman çoban itləri yüksək intellekti və qoruma instinktinə görə polis və hərbi strukturlarda geniş istifadə olunur. Lakin bu xüsusiyyət bəzən yanlış qiymətləndirmə nəticəsində dişləmə halları ilə nəticələnə bilər. Düzgün təlim keçmiş alman çoban itləri isə ən idarəolunan cinslərdən sayılır.

"Çau-çau"

"Çau-çau" müstəqil xarakteri və yad insanlara qarşı ehtiyatlı münasibəti ilə tanınır. Tarixən mühafizə iti kimi istifadə edildiyi üçün ərazisini qorumağa meyllidir və kənar şəxslərin həddindən artıq diqqətini sevmir.

Digər cinslər

Siyahıda həmçinin aşağıdakı it cinsləri də yer alıb:

* "Cek Rassel teryeri";
* "Koker spaniel";
* Kolli;
* Senbernar;
* Labrador-retriver.

Mütəxəssislərin sözlərinə görə, bu cinslərin dişləmə halları müxtəlif səbəblərlə bağlı olur. Bunlara oyuncaqların və ya yeməyin qorunması, qorxu, ağrı, uşaqlarla kobud oyunlar və ya təbii instinktlər daxildir.

Araşdırmanın müəllifləri vurğulayırlar ki, itin təhlükəli olub-olmamasını müəyyən edən əsas amil onun cinsi deyil. Erkən sosiallaşma, düzgün təlim və sahibinin məsuliyyətli davranışı aqressiv davranış riskini əhəmiyyətli dərəcədə azaldır. Buna görə də tanımadığınız itə sahibinin icazəsi olmadan yaxınlaşmamaq və heyvanın narahatlıq əlamətlərinə diqqət yetirmək tövsiyə olunur.

Samir
 

0