Kimsə sizə qarşı kobud davrandıqda emosiyalara qapılmadan, düzgün və yerində cavab vermək mümkündür. Psixoloqlar belə hallarda mübahisəni böyütmədən qarşı tərəfi düşünməyə vadar edən üç üsuldan istifadə etməyi məsləhət görürlər.
HİT.az xəbər verir ki, psixoloq Emmanuel Şil kobud davranışla qarşılaşan insanların necə reaksiya verməli olduqları barədə tövsiyələr verib.
Mütəxəssisin fikrincə, insanların çoxu təhqiramiz və ya xoşagəlməz söz eşidəndə dərhal cavab verməyə çalışır. Halbuki bu, çox vaxt vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Daha düzgün yanaşma isə qısa fasilə vermək, deyilənləri düşünmək və soyuqqanlı cavab seçməkdir.
Psixoloq bunun üçün üç üsul təklif edir.
Birinci üsul – yumordan istifadə etmək.
Qarşı tərəfin kobud ifadəsini zarafata çevirmək gərginliyi azalda və deyilən sözlərin təsirini zəiflədə bilər. Bu yanaşma həm də mübahisənin böyüməsinin qarşısını almağa kömək edir.
İkinci üsul – dəqiqləşdirici suallar vermək.
Psixoloq bildirir ki, insanlar bəzən dedikləri sözlərin mahiyyətini özləri də tam anlamırlar. Belə vəziyyətdə qarşı tərəfdən fikrini izah etməsini istəmək söhbətin istiqamətini dəyişə bilər. Məsələn, “Bu sözlə konkret nə demək istəyirsiniz?” sualı həmsöhbəti öz ifadəsinə aydınlıq gətirməyə məcbur edir.
Üçüncü üsul – deyilənləri başqa formada ifadə etmək.
Bu üsul qarşı tərəfin fikrini öz sözlərinizlə təkrarlamaq və onun əsl məqsədini anlamağa çalışmaqdan ibarətdir. Mütəxəssis hesab edir ki, belə yanaşma insana emosional reaksiyadan uzaqlaşmağa və müzakirənin mahiyyətinə diqqət yetirməyə imkan verir.
Şilin fikrincə, hər söhbətdə öz haqlılığını sübut etməyə, qarşı tərəfi dəyişdirməyə və ya ona cavab qaytararaq üstünlük qazanmağa çalışmaq lazım deyil. Bəzən ən düzgün seçim mübahisəni dayandırmaq və ya vəziyyəti yumorla yumşaltmaqdır.
Məqalədə kommunikasiya üzrə ekspert Cefferson Fişerin də tövsiyəsinə yer verilib. O, hörmətsizliklə qarşılaşdıqda əvvəlcə susmağı, sonra isə “Bu, mənim cavab verməyə hazır olduğum səviyyədən aşağıdır” ifadəsini işlətməyi məsləhət görür.
Ekspertin fikrincə, bu cümlə qarşı tərəfə davranışının qəbuledilməz olduğunu göstərir və söhbət üzərində nəzarəti yenidən insana qaytarır.
Mütəxəssislər vurğulayırlar ki, kobudluğa kobudluqla cavab vermək əvəzinə, emosiyaları idarə etmək və şəxsi sərhədləri qorumaq daha sağlam ünsiyyətin əsas şərtlərindəndir.
Samir


