Eldar Həsənov ev girovluğuna buraxılmağını istəyir - Vəkilindən AÇIQLAMA

ÖLKƏ
09:53 / 02.09.2020
641

Hazırda həbsdə olan keçmiş səfir Eldar Həsənov ev girovluğuna buraxılmasını istəyir.

HİT.Az xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov bildirib.

“Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nın İstintaq təcridxanasında saxlanılır. Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı Həsənovun heç bir narazılığı yoxdur. O, son illər ərzində, xüsusən də son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzarətində olub. Təcrid olunmuş vəziyyətdə saxlanılması onun səhhətinə çox ciddi mənfi təsir edir. Gündəlik çox sayda, müxtəlif adlarda dərman preparatları qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək xəstəliklərlə bağlı məlumatları şərh etmək istəməzdim.

Amma açıq-aşkar görünən budur ki, Eldar Həsənovun səhhəti heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər. O, az ağır cinayət törətməkdə ittiham edilir və qanun bu növ cinayətlərə görə seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsinə yol verir”,-deyə vəkil qeyd edib.

Adil İsmayılovun sözlərinə görə, Eldar Həsənov elan edilmiş ittihamlarda özünü təqsirli bilmir:

“Onun şəxsiyyətini xarakterizə edən halları, 65 yaşının olmasını, səhhətində olan problemləri, o cümlədən infeksiyaya yoluxma riskini nəzərə alaraq müdafiə tərəfi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsi haqda vəsatətlə məhkəməyə müraciət etmək niyyətindədir. Fürsətkən dövlət başçısına və hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək öz səlahiyyətləri çərçivəsində vəsatətimizin qanunauyğun həll edilməsində yardımçı olmalarını xahiş edirik. Ümidvarıq ki, vəsatətimiz qanuni həllini tapacaq”.

Xatırladaq ki, Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX-nın istintaq idarəsində istintaq edilən cinayət işindən Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı  keçmiş səfiri Eldar Həsənovun barəsində CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib və hazırda istintaq orada davam etdirilir.

0