Bakıda yaşıllıqlar azalır – “Ciddi ekoloji problemdir”

ÖLKƏ
13:00 / 28.07.2026
269

“Ölkənin əsas ekoloji problemlərindən biri də Bakıda yaşıllıqların azalmasıdır”.

Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, son 30 ildə tikinti işbazları ağaclıqları məhv edib, yaşıllıqları doğrayaraq yerində iaşə müəsisələri və yaşayış binaları tikiblər:


“Bu işbazlar bir şeyi nəzərə almadılar ki, beynəlxalq standartlara görə, hər şəhərdə adambaşına düşən yaşıllıq sahəsi 20-50 kvadratmetr olmalıdır. Bəs bu baxımdan bu gün Bakıda vəziyyət necədir? Rəsmi statistikaya əsasən hazırda Bakıda adambaşına düşən yaşıllıq sahəsi təxminən 5 kvadratmetr təşkil edir. 

Göründüyü kimi, hazırda durum çox ciddidir. Yaşıllıqların azalması bir çox cəhətdən zərərlidir. Yeni yaşayış komplekslərinin tikintisi, yol infrastrukturunun genişləndirilməsi, qanunsuz ağackəsmə halları və urbanizasiyanın sürətlənməsi paytaxtın təbii ekosisteminə ciddi zərbə vurub”.

Ekspert qeyd edib ki, paytaxtda havanın keyfiyyəti pisləşib, karbon emissiyası artıb və biomüxtəliflik azalıb:
“Ən əsası Bakı sakinlərinin sağlamlığı üçün risklər artıb. Bəllidir ki, ağaclar karbon qazını udur, oksigen istehsal edir və atmosferdəki toz hissəciklərini süzərək təbii filtr rolunu oynayır. Yaşıllıq azaldıqca havada tozun, zərərli qazların və avtomobil tullantılarının konsentrasiyası artır. 

Asfalt və beton örtüklər gün ərzində topladıqları istiliyi gecə saatlarında da saxlayır. Ağacların kölgəsi və buxarlanma effekti olmadıqda şəhərin temperaturu ətraf ərazilərlə müqayisədə bir neçə dərəcə yüksək olur. Bu isə yay aylarında enerji sərfiyyatını artırır”. 

Ekoloq diqqətə çatdırıb ki, yaşıllığın azalması səs-küy səviyyəsini də yüksəldir:
“Ağaclar həm küləyin sürətini azaldır, həm də nəqliyyatın yaratdığı səs dalğalarını zəiflədir. Bundan başqa, şəhər faunası - quşlar və digər canlılar - yaşayış mühitini itirir, biomüxtəliflik zəifləyir. Beynəlxalq təcrübə göstərir ki, müasir şəhərlərdə yaşıllıq təkcə estetik element deyil, həm də mühüm infrastruktur hesab olunur. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaşayış məntəqələrində insanların yaşıl zonalara rahat çıxışının təmin edilməsini vacibliyini vurğulayır və yaşayış yerlərinin yaxınlığında əlçatan yaşıllıq sahələrinin yaradılmasını tövsiyə edir. Mütəxəssislər hesab edirlər ki, Bakıda yaşıllıq probleminin həlli üçün yalnız yeni tinglərin əkilməsi kifayət deyil”. 

Elman Cəfərlinin sözlərinə görə, əsas məqsəd mövcud iri ağac fondunun qorunması, tikinti layihələrində yaşıllıq balansının ciddi şəkildə nəzərə alınması, kompensasiya əkinlərinə nəzarətin gücləndirilməsi və şəhərin müxtəlif hissələrində yeni parkların yaradılması olmalıdır:
“Əks halda, sürətlə böyüyən Bakı gələcəkdə daha isti, daha tozlu və ekoloji baxımdan daha əlverişsiz meqapolisə çevrilə bilər. Yaşıllığın qorunması artıq təkcə landşaft məsələsi deyil, şəhərin ekoloji təhlükəsizliyi və milyonlarla sakinin sağlamlığı ilə birbaşa bağlı strateji məsələdir. Bakı şəhərinin 2040-cı il Baş Planında adambaşına düşən yaşıllıq sahəsinin 8 kvadratmetrə çatdırılması hədəf kimi müəyyənləşdirilib. 

Bu göstərici belə Ümumdünya Səhiyyə Təşkilatının və bir çox beynəlxalq şəhərsalma standartlarının tövsiyə etdiyi səviyyədən aşağıdır. Ona görə də yaşıllıqları artırmaq, parkların sayını artırmaq lazımdır. Yaxşı olar ki, köhnə tikililərin yerində göydələnlər tikilməsin, parklar salınsın”.

Elmir Mustafa

0