Kaliforniyada əvvəlcədən planlaşdırılmış, aşağı intensivlikli nəzarətli yanğınlardan keçmiş nəhəng sekvoyaların sonradan baş verən iri meşə yanğınlarından sağ çıxmaq ehtimalı xeyli yüksəkdir. Alimlərin fikrincə, bu unikal ağacların qorunması üçün planlı yandırmalar əsas vasitələrdən birinə çevrilməlidir.
HİT.az xəbər verir ki, bu barədə "Discover Wildlife" nəşri yazıb.
"Əgər məqsədimiz nəhəng sekvoyaları qorumaqdırsa, nəzarətli yandırmalar əvəzolunmaz vasitədir", deyə Kaliforniya Universitetinin (Devis) tədqiqatçısı Den Dikson bildirib.
Nəşrin məlumatına görə, nəhəng sekvoyalar bitki aləminin ən möhtəşəm nümayəndələrindəndir. Onlar Kaliforniyadakı Syerra-Nevada dağ silsiləsinin qərb yamaclarında bitir, çəkiləri təxminən 15 mavi balinanın ümumi çəkisinə bərabər ola bilir və yaşı 3 000 ildən çoxdur.
Qalın qabığı və hündür çətiri sayəsində sekvoyalar təkamül nəticəsində aşağı intensivlikli təbii yanğınlara davam gətirəcək şəkildə formalaşıb. Üstəlik, belə yanğınlar onların qozalarının açılmasına və toxumların yayılmasına kömək edir.
Buna baxmayaraq, 2020 və 2021-ci illərdə "Sequoia" və "Kings Canyon" milli parklarında baş verən güclü meşə yanğınları nəticəsində bu ağacların təxminən beşdə biri məhv olub.
"Bu ağaclar minilliklər ərzində müxtəlif iqlim dəyişikliklərini, yanğınları və quraqlıqları görüb. Cəmi iki il ərzində bu qədər çoxunun məhv olması görünməmiş hadisə idi", deyə Den Dikson vurğulayıb.
Alimlər bəzi sekvoyaların niyə məhv olduğunu, digərlərinin isə necə sağ qaldığını araşdırmaq üçün tarixi məlumatlardan və yanğınlardan əvvəl və sonra çəkilmiş peyk görüntülərindən istifadə ediblər. Tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.
Araşdırılan ərazilərin bir hissəsində əvvəlcədən nəzarətli yanğınlar həyata keçirilmişdi. Bu üsul yanacaq rolunu oynayan quru bitki örtüyünün miqdarını azaltmaq, meşə örtüyünü seyrəltmək və canlılar üçün daha əlverişli mühit yaratmaq məqsədi daşıyır.
Alimlər 19 meşə massivində yerləşən 26 400 nəhəng sekvoyanı təhlil edərək müəyyən ediblər ki, nəzarətli yandırmalar ağacların məhv olma riskini təxminən 77 faiz azaldır. Son on il ərzində belə tədbirlərdən keçmiş sekvoyaların sağ qalmaq ehtimalı digər ağaclarla müqayisədə dörd dəfə yüksək olub.
Hesablamalara görə, əvvəllər həyata keçirilmiş nəzarətli yandırmalar təxminən 1 900 sekvoyanın məhv olmasının qarşısını alıb. Əgər bu üsul bütün ağaclara tətbiq olunsaydı, əlavə olaraq daha 3 900 sekvoyanı xilas etmək mümkün ola bilərdi.
Məqalədə qeyd olunur ki, temperaturun yüksəlməsi, quraqlıqların artması və digər amillər səbəbindən ABŞ-ın qərbində meşə yanğınları getdikcə daha genişmiqyaslı və dağıdıcı xarakter alır. Bu isə minilliklər boyu yanğına uyğunlaşmış ən qədim meşələr üçün də ciddi təhlükə yaradır.
Tədqiqat müəllifləri hesab edirlər ki, planlı və nəzarətli yandırmaların harada və nə vaxt tətbiq edilməsinin müəyyənləşdirilməsi Yer kürəsinin ən qədim ağaclarından olan nəhəng sekvoyaların gələcək nəsillər üçün qorunmasına kömək edə bilər.
Samir


