Kondisionerlərin gizli TƏHLÜKƏSİ

SAĞLAMLIQ
11:30 / 28.07.2026
167

Yay mövsümündə yüksək temperatur səbəbindən insanlar sərinlənmək üçün daha çox kondisionerlərə üz tuturlar. 

Evlərdə və iş yerlərində gün ərzində, xüsusilə də gecə vaxtı fasiləsiz işlədilən bu avadanlıqlar isti havadan qorusa da, yanlış istifadə edildikdə müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.

Görəsən, isti havalarda kondisionerdən sağlamlığa zərər vermədən necə istifadə etmək olar? Hansı səhvlər daha çox xəstəliklərə səbəb olur və bu riskləri minimuma endirmək üçün nələrə əməl edilməlidir?

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında deyib ki, kondisionerlərin filtrlərinin və daxili hissələrinin baxımsız qalması ciddi xəstəliklərin yaranma riskini artırır: 

405727

“İnsanların “kondisioner xəstəliyi” kimi tanıdığı legionelyoz xüsusi bakteriyanın yaratdığı infeksiyadır. “Legionella pneumophila” adlanan bu bakteriya daha çox kondisionerlərin rütubət yığılan, su qalan və uzun müddət təmizlənməyən hissələrində çoxalır. Qurğu işlədikdə həmin bakteriyalar su hissəcikləri ilə birlikdə havaya qarışır və nəfəsalma zamanı insanın tənəffüs yollarına daxil olur”.

Mütəxəssis qeyd edib ki, legionelyozun ilkin mərhələsində müşahidə olunan əlamətlər əksər hallarda qriplə qarışdırılır:

“Xəstələrdə yüksək hərarət, ümumi halsızlıq, quru öskürək, baş ağrısı və əzələlərdə ağrılar meydana çıxır. Xəstəliyə vaxtında müdaxilə olunmadıqda proses ağırlaşaraq ağciyərlərin ciddi zədələnməsinə və tənəffüs funksiyasının pozulmasına qədər inkişaf edə bilər. 

Təhlükə yalnız bakteriyalarla məhdudlaşmır. İsti mühitdən birbaşa çox soyuq otağa daxil olmaq və ya saatlarla kondisionerin hava axını altında qalmaq orqanizmin müdafiə qabiliyyətini zəiflədə, plevrit də daxil olmaqla müxtəlif iltihabi xəstəliklərin yaranmasına şərait yarada bilər”.

Günel Cəlilova

0