50 min güzgülü peyk gecələri gündüzə çevirə bilər: Astronomlar nə tələb edir?

DÜNYA
21:55 / 30.07.2026
50

Avropa Cənub Rəsədxanasının (ESO) yeni araşdırması Yer orbitinə göndərilməsi planlaşdırılan milyonlarla peykin astronomiyaya təsirini ilk dəfə rəqəmlərlə qiymətləndirib. Tədqiqatın nəticələrinə görə, xüsusilə güzgülü peyklər gecə səmasını ciddi şəkildə işıqlandıra və elmi müşahidələrə mane ola bilər.

HİT.az xəbər verir ki, "Astronomy & Astrophysics" jurnalında dərc olunan araşdırmada ESO-nun astronomu Olivye Eyno bildirib ki, gecə səmasının qorunması üçün Yer ətrafındakı görünən peyklərin sayı 100 mini keçməməlidir. Onun sözlərinə görə, bu hədd qorunarsa teleskoplar elmi müşahidələri davam etdirə bilər. Lakin hazırkı layihələr bu göstəricini xeyli üstələyir.

Hazırda açıqlanan planlara əsasən, gələcəkdə orbitə 1,7 milyondan çox peykin çıxarılması nəzərdə tutulur. Alimlər bunun astronomiya üçün ciddi nəticələr doğura biləcəyini bildirirlər.

Araşdırmada xüsusi diqqət ABŞ-ın "Reflect Orbital" şirkətinin hazırladığı güzgülü peyklərə yönəldilib. Şirkət bu peyklər vasitəsilə gecə saatlarında Günəş işığını Yerin müəyyən bölgələrinə əks etdirməyi planlaşdırır.

Olivye Eynonun fikrincə, belə sistemlər səmadakı ən parlaq süni obyektlərdən birinə çevrilə və teleskopların müşahidələrini ciddi şəkildə çətinləşdirə bilər.

Astronomlar uzun illərdir orbitdə peyklərin sayının artmasından narahatdırlar. Xüsusilə "SpaceX" şirkətinin 2019-cu ildə "Starlink" peyklərini orbitə çıxarmasından sonra teleskop görüntülərində uzun işıq izləri görünməyə başlayıb. Bu isə uzun ekspozisiyalı müşahidələrin keyfiyyətinə birbaşa təsir göstərir.

Hazırda Yer orbitində təxminən 14 min peyk fəaliyyət göstərir və onların böyük hissəsini "Starlink" peykləri təşkil edir. Yaxın illərdə bu rəqəmin dəfələrlə artacağı gözlənilir.

Eyno bildirib ki, mövcud vəziyyət hələlik idarə oluna bilir, lakin yeni layihələr yerüstü astronomiyanı kritik həddə çatdıra bilər.

Məlumata görə, "SpaceX" gələcək illərdə təxminən 1 milyon yeni peyk buraxmağı planlaşdırır. Bu layihəyə orbitdə yerləşəcək süni intellekt məlumat mərkəzləri də daxildir.

"Reflect Orbital" isə 2035-ci ilədək 50 min güzgülü peyk orbitə çıxarmağı hədəfləyir.

Bundan başqa, "Amazon" internet xidməti üçün 3 mindən çox peyk yerləşdirməyi planlaşdırır. "E-Space" şirkətinin "Cinnamon" layihəsi, eləcə də Çinin "CTC-1" və "CTC-2" peyk qrupları da orbitə yüz minlərlə yeni peyk əlavə edə bilər.

Araşdırma çərçivəsində mövcud və planlaşdırılan peyk şəbəkələrinin yerləşməsi, hərəkəti və parlaqlığı birlikdə modelləşdirilib.

Nəticələrə əsasən, Çilidə yerləşən ESO-nun Çox Böyük Teleskopunun (VLT) müşahidə sahəsində itki "SpaceX"in planlaşdırdığı peyklər səbəbindən 28 faizə qədər arta bilər.

ABŞ-dakı "Vera C. Rubin" Rəsədxanasının isə hər gecə apardığı uzunmüddətli müşahidələrin istifadəsi ciddi şəkildə məhdudlaşa bilər.

Araşdırmaya görə, "Reflect Orbital" peyklərinin əks etdirdiyi işıq Yer səthində ən azı 5 kvadratkilometrlik ərazini əhatə edəcək.

İşığın birbaşa düşdüyü bölgələrdə parlaqlıq dolunaydan dörd dəfə yüksək ola bilər. Hətta işığın birbaşa çatmadığı ərazilərdə belə bu peyklər Venera planeti qədər parlaq görünə bilər.

Olivye Eyno gələcəkdə yüzlərlə güzgülü peykin hətta işıq çirklənməsinin yüksək olduğu şəhərlərdən də görünəcəyini bildirib.

Araşdırmada iştirak etməyən Regina Universitetinin astronomu Samanta Louler isə qeyd edib ki, belə peyklər təkcə astronomlara deyil, gecə teleskoplarından istifadə edən həvəskarlara, pilotlara və sürücülərə də güclü işıq səbəbindən mənfi təsir göstərə bilər.

Tədqiqat yalnız görünən peykləri deyil, gözlə seçilməyəcək qədər zəif peyklərin yaratdığı ümumi işıq fonunu da qiymətləndirib.

Nəticələr göstərir ki, təkcə "Reflect Orbital"ın planlaşdırdığı peyk şəbəkəsi belə gecə səmasının parlaqlığını dörd dəfəyə qədər artıra bilər.

Olivye Eyno hesab edir ki, Yer orbitindəki peyklərin ümumi sayı 100 minlə məhdudlaşdırılmalı, onların parlaqlığı isə müəyyən həddi keçməməlidir. Onun sözlərinə görə, bu, teleskopların qəbul edilə bilən səviyyədə məlumat itirməsinə imkan verər.

Araşdırmada vurğulanır ki, orbitdə peyklərin sayının artması başqa risklər də yaradır.

İstifadə müddəti başa çatan minlərlə peykin atmosferdə yanmasının ətraf mühitə təsiri hələ tam öyrənilməyib. Bundan əlavə, orbitdə baş verə biləcək toqquşmalar zəncirvari qəzalara səbəb ola bilər. "Kessler sindromu" kimi tanınan ssenaridə kosmik tullantıların sürətlə artacağı ehtimal olunur.

NASA da daha əvvəl bildirmişdi ki, sıx peyk qrupları Yerə yaxınlaşan təhlükəli asteroidlərin aşkarlanmasını çətinləşdirə bilər.

Olivye Eyno vurğulayıb ki, aşağı Yer orbiti həm rabitə sistemləri, həm də elmi tədqiqatlar üçün strateji əhəmiyyət daşıyır. Onun fikrincə, bu məkanın gələcək nəsillər üçün istifadəyə yararlı qalması məqsədilə meqa peyk şəbəkələrinin yaratdığı işıq çirkliliyi və digər təsirlər nəzarət altına alınmalıdır.

Samir
 

0