“Xarici vətəndaşlar sərhədlər açılanadək ödəniş etmədən Azərbaycanda qala bilərlər” - AÇIQLAMA

ÖLKƏ
16:34 / 12.09.2020
812

Pandemiya ilə əlaqədar ölkələrinə gedə bilməyən vətəndaşlar mövcud vəziyyətdən narahatdırlar. 

Məsələ ilə bağlı Yenisabah.az-a müraciət edən xarici vətəndaşlar vurğulayıblar ki, narahatlığın əsas səbəbi onların  Azərbaycanda qalma müddətlərinin başa çatmasıdır:

“Artıq altı aya yaxındır ki, Azərbaycandayıq. Burada qalma müddətimiz bitdikdən sonra vaxtı uzatmaq üçün iki dəfə ASAN Xidmətə getdik. Orada hər dəfə müddət bir aylıq uzadıldı. Üçüncü dəfə uzatmaq istədikdə isə bunun mümkün olmadığını, lakin yollar açılanadək burada qala biləcəyimizi dedilər. İndi isə çarter reysləri təşkil olunur. Lakin biletlər normal qiymətdən iki dəfə bahadır. Biz aylardır ki, burada işsizik, özümüz burada olduğumuz üçün Rusiyadakı işlərimiz də dayanıb. Yəni bu məbləğə bilet almaq üçün imkan yoxdur. Biz indi bilmək istəyirik ki, əgər çarter reysi ilə getməsək, hər hansı cərimə tətbiq oluna bilər?”

Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov saytımıza açıqlamasında bildirib ki, müvəqqəti qalma müddətini 60 günlük uzatmaq üçün Miqrasiya Xidmətinə müraciət edən xarici vətəndaşlar sərhədlər tam açılanadək heç bir ödəniş etmədən Azərbaycanda qala bilərlər:

“Şəxs 3 ay burada qalma müddəti bitdikdən sonra müddəti 60 gün uzatmaq üçün 60 manat ödəniş etməlidir. Həmin 60 gün bitdikdən sonra isə müvəqqəti qalma müddəti ödənişsiz şəkildə avtomatik olaraq uzadılır. Narahatlığa əsas yoxdur, sərhədlər tam açılanadək burada qala bilərlər”.

0